"Mənzilə vurulmuş hər hansı zərərlə bağlı həmin mənzildə məskunlaşmış məcburi köçkün ailəsi məsuliyyət daşıyır”.
Bu sözləri “Yeni Sabah”a vəkil Sadiq Əfəndiyev deyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ("Qaçqınkom") "Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərə bu günədək başqasının mənzilində məskunlaşmış 192 ailə (687 nəfər) köçürülüb.
Boşalmış mənzillərin həqiqi sahibləri yaşayış yerinin vəziyyəti ilə bağlı müəyyən şikayətlər səsləndirir.
Bu əsnada Safiq Əfəndiyev bildirib ki, dövlətin dəymiş zərəri ödəmək öhdəliyi yoxdur:
“1990-cı illərdə məcburi köçkünlərin bir qismi boş evlərə, mənzillərdə məskunlaşıb. Həmin vaxt prezident Heydər Əliyevin fərmanına istinadla məcburi köçkünlər öz evlərinə qayıdana kimi, onlar yaşadıqları ünvanlardan çıxarılmadı. Yəni məlum fərman məcburi köçkünlər üçün hüquqi əsas rolunu oynadı.
Bundan sonra, bu hallarla bağlı əmlak sahibləri yerli məhkəmələrə müraciətlər etdi. Məhkəmələr həmin fərmana əsaslanıb, iddialara baxışdan yayındı”.
Vəkilin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi bu barədə qərar qəbul edib:
“Mülkiyyətçilər Avropa Məhkəməsinə müraciət etdi. Avropa Məhkəməsi bu barədə belə bir qərar qəbul etdi ki, dövlət qaçqınların yerləşməsini vətəndaşların hesabına həyata keçirə bilməz. Yəni bunu dövlətin özü etməlidir və ayrı-ayrı mülkiyyətçilərin mülkiyyət hüququ toxunulmazdır.
Daha sonra məhkəmələr həmin iddiaları təmin etməyə başladı. Ancaq bu o demək deyil ki, dövlət hansısa məcburi köçkünün zərər vurduğu mənzillə bağlı xərcləri ödəsin. Hər bir halda, mülkiyyətçinin hüququ var ki, mülki iddia qaydasında məhkəməyə müraciət və sübutları təqdim etsin.
Mənzilə vurulmuş hər hansı zərərlə bağlı həmin mənzildə məskunlaşmış məcburi köçkün ailəsi məsuliyyət daşıyır. Zərərvuran, zurduğu zərər görə, mülki-hüquqi məsuliyyət daşıyır”.