Venesuela Kolumbiya ilə sərhədə 15 min əsgər və polis göndərir.
Turkustan.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Venesuela Kolumbiya ilə sərhəddə təhlükəsizliyi gücləndirmək məqsədilə 15 min hərbçi və polis yerləşdirmək qərarına gəlib.
Qərarı Daxili İşlər, Ədliyyə və Sülh naziri Diosdado Kabello açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Zulia və Taçira əyalətlərində yerləşdiriləcək. Kabello bildirib:“Bu yerləşdirmə qısa müddət ərzində həyata keçiriləcək. Dövlətin sərhədlərdəki nəzarəti Taçira bölgəsinə qədər genişlənəcək. Kolumbiya hökumətindən də bütün sərhəd boyu sülhü təmin etməsini xahiş edirik.”
Nazir sərhəddə hər hansı qanunsuz fəaliyyətə icazə verilməyəcəyini vurğulayaraq əlavə edib:“Bütün ölkə üzrə əsgərlərimiz və təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini yerinə yetirir. Məqsəd Venesuela vətəndaşlarının sülh və təhlükəsizliyini təmin etməkdir. Bu, hər cür təhdidə qarşı sürətli reaksiya verə biləcək effektiv döyüş vahididir.”
Kabello, son dövrlərdə keçirilən narkotiklə mübarizə əməliyyatları barədə də məlumat verib. O bildirib ki, bu çərçivədə 480-dən çox odlu silah ələ keçirilib və 2025-ci il ərzində 52 tondan artıq narkotik maddə müsadirə olunub.
Digər tərəfdən ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronun həbsinə və ya məhkum edilməsinə kömək edəcək məlumat üçün təklif edilən mükafatı 25 milyon dollardan 50 milyon dollara qaldırıb. Vaşinqton Maduronu uzun illərdir narkotik qaçaqmalçılığı ilə məşğul olan "Cartel de los Soles" adlı qrupla əlaqədə ittiham edir. ABŞ Maliyyə Nazirliyi isə bu qrupu iyulun 25-də “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu (SDGT)” kimi tanıyıb.
Aytən Yaşar/ Turkustan.az