Yaxın Şərqdə İsrailin Qəzzanı blokadaya alması və nəticədə insanlıq faciəsi Netanyahu hökumətinin Qəzzanı tamamilə işğal etmək qərarı ilə daha da ağırlaşıb.
Turkustan.az xəbər verir ki, Misirin Sisi administrasiyası İsrailin Qəzzada HƏMAS-dan azad idarə edilməsi tələbinə “plan”la cavab verib.
Diplomatik mənbələrdən verilən məlumata görə, Misirin xarici işlər naziri Bədr Əbdül Ati Misir kəşfiyyatı vasitəsilə Misirin “Həmasdan azad Qəzza” planını İsrail kəşfiyyatı ilə paylaşıb. Bu plan həm təhlükəsizlik, həm də inzibati nizam baxımından Qəzzanın gələcəyi üçün əsas yol xəritəsi olaraq görülür.
Planın iki əsas sütunu var: müstəqil və müvəqqəti inzibati komitə və 10.000 nəfərlik təhlükəsizlik qüvvəsi.
• Mövcud Fələstin polis qüvvələrinin 5000 şəxsi evlərindən çağırılacaq və yenidən təlim keçəcək.
• Misir, İordaniya və Fələstin Administrasiyasının koordinasiyası ilə “təmiz qeydlərə” malik 5000 yeni polis məmuru seçiləcək.
• Misir və İordaniyadakı təhlükəsizlik düşərgələrində təlimlər keçiriləcək və bu qüvvə mümkün atəşkəsdən sonra Qəzzada təhlükəsizlik boşluğunu dolduracaq.
Misirin planına görə, Qəzzada yaşayan və heç bir siyasi fraksiya ilə əlaqəsi olmayan texniki təcrübəyə malik 15 texnokratdan ibarət bir komitə altı ay müddətində məsul olacaq.
Bu komitə;
• Qərəzsiz imici ilə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağı hədəfləyir.
• Keçid dövründə Qahirədə keçiriləcək Yenidənqurma və Erkən Bərpa üzrə Beynəlxalq Konfransın qərarlarına uyğun fəaliyyət göstərəcək.
• Beynəlxalq təşkilatlarla birlikdə erkən bərpa layihələri həyata keçirəcək.
Bu struktur xalqın birbaşa siyasi təmsilçiliyinə məhəl qoymayan bir model kimi tənqid edilib; lakin Misir bu prosesi Fələstin Muxtariyyətinin həm Qəzzada, həm də İordan çayının qərb sahilində yeganə qanuni hakimiyyətə çevrilməsi üçün vacib hesab edir.
Aytən Yaşar/ Turkustan.az