Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Lakin söhbətin detalları açıqlanmayıb. Bu danışıqla eyni vaxtda İsrail rəsmiləri ölkənin Qəzza zolağının tam zəbtinə doğru irəlilədiyini açıqlayıblar. İddialara görə, Netanyahu yaxın vaxtlarda orduya Qəzzanı tamamilə işğal etmək əmri verə bilər.
Digər tərəfdən isə ABŞ və Rusiya arasında gərginlik getdikcə artır. Donald Trampla Vladimir Putinin münasibətləri artıq əvvəlki kimi deyil və Ağ Ev liderinin Kremlin sülhə razılaşması üçün verdiyi vaxt bitmək üzrədir. Analitiklərin fikrincə, Tramp administrasiyasına yaxınlığı ilə bilinən İsrailin baş nazirinin zəng zamanı bu istiqamətdə Moskvaya müəyyən mesaj çatdırması mümkündür.
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev bildirib ki, Qəzza məsələsinin telefon danışığında müzakirə olunması istisna deyil:
“Qəzza zolağındakı humanitar vəziyyət, regiondakı gərginlik, mülki əhalinin durumu, İsrailin təhlükəsizlik maraqları və Fələstinlə bağlı perspektivlər telefon danışığının əsas mövzuları olub. Moskva adətən humanitar atəşkəs çağırışları və mülki əhalinin qorunması məsələlərini önə çəkir. Rusiya Qəzzada genişmiqyaslı işğal əməliyyatına qarşıdır. İsrailin Baş naziri Benyamin Netanyahu çıxışlarında Qəzza zolağının tam nəzarətə alınmasını əsas hədəf kimi göstərir. Həmin ərazidə əsas müqaviməti təşkil edən, İsraillə müharibə aparan HƏMAS-dır. Netanyahu bu təşkilatı tamamilə məhv etmək niyyətindədir. Rusiya bəzi Avropa ölkələrindən fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımır. Qruplaşmanı maliyyələşdirən və hərbi dəstək verən tərəflərdən biri də İrandır. Telefon danışığının əsas mövzularından biri məhz bu ola bilər”.
Anar İsayev
Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqına üzv bəzi ölkələr, xüsusilə Almaniya və Böyük Britaniya, İsrailin Qəzza zolağında apardığı siyasətə qarşı ciddi təzyiqlər göstərirlər:
“Əsas təzyiq vasitələrindən biri Fələstinin müstəqilliyinin tanınması istiqamətindəki təşəbbüslərdir. Belə mürəkkəb vəziyyətdə telefon danışığının müəyyən pərdəarxası məqamlarının olması da istisna deyil. Onlardan biri Rusiyanın İsraillə münasibətləri yaxşılaşdırmaq istəməsidir. Kremlin məqsədi Yaxın Şərqdə balansı qorumaqdır. Digər tərəfdən, prosesləri öz xeyrinə dəyişməyə çalışır. Ukrayna məsələsinin ikinci plana keçməsi ilə bütün diqqəti başqa istiqamətə yönəltmək istəyir. Əsas prioritetin Qəzza zolağı olmasını arzulayır və buna görə də manevr etməyə başlayıb. Putin işğal əmri verə bilməz. İsrail öz siyasətini təkbaşına həyata keçirir və Vaşinqton da Təl-Əvivin siyasətinə təsir edə bilmir”.