Digər müttəfiqlərdən ödənişlə Ukraynaya ABŞ istehsalı olan silah və avadanlıqların tədarükünü nəzərdə tutan yeni PURL mexanizmi ilə bağlı NATO-dan açıqlama verilib.
Turkustan.az xəbər verir ki, bəyanatda Danimarka, Norveç və İsveçin PURL çərçivəsində 500 milyon dollarlıq ABŞ mənşəli avadanlıq və sursat paketini maliyyələşdirəcəyi qeyd edilib və əlavə edilib ki, yeni mexanizm Ukraynada sülh səyləri davam edərkən Kiyevi "mümkün olan ən güclü mövqeyə" qoymağı hədəfləyir.
Bəyanatda açıqlamaları yer alan NATO-nun baş katibi Mark Rutte Danimarka, Norveç və İsveçin bu qərarını yüksək qiymətləndirib.
Rutte bildirib ki, bu maliyyə yardımı cəbhə bölgələrinə xilasedici avadanlıq və kritik ləvazimatların çatdırılmasına kömək edəcək və "Ukraynanın davamlı sülhə can atmasında təcavüzün qarşısını alacaq".
ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Rutte ilə Ukraynaya silah göndərmək üçün razılaşdıqlarını və ölkəsinin bu silahları istehsal edəcəyini və NATO müttəfiqlərinin xərclərini qarşılayacağını bildirib.
Rutte isə "ABŞ-ın Ukraynaya silah vermə qərarı çox önəmlidir. Avropa dövlətləri ilə görüşəcəyəm və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq" deyib.
Aytən Yaşar/ Turkustan.az