Rusiyadan İSRAİLƏ XƏBƏRDARLIQ! Buşehr AES-ə hücumları dərhal dayandır!


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrail hökumətini İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmağa çağırıb və rusiyalı mütəxəssislərin çalışdığı Buşəhr Atom Elektrik Stansiyasının təhlükəsizliyindən narahat olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) təşkil edilən mətbuat konfransında İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə ilə bağlı açıqlamalar verib.

Zaxarova Yaxın Şərqdə ən təhlükəli həddə çatan gərginliyin davam etdiyini və bunun İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və beynəlxalq hüquq normalarına zidd olaraq İrana qarşı təcavüzkar hərəkətləri ilə bağlı olduğunu bildirib.

İsrailin hücumlarını qınayan Zaxarova: "Bu, regional və qlobal təhlükəsizlik üçün mənfi nəticələrə gətirib çıxara bilər. Bu hücumları yanlış narahatlıqlarla əsaslandırmaq cəhdləri utancvericidir" dedi.

Hücumlar nəticəsində çoxlu mülki vətəndaşın həyatını itirdiyini xatırladan Zaxarova vəziyyətin həyəcan verici olduğunu bildirib və bunları qeyd edib:

"İsrailin dinc nüvə obyektlərinə hücumları qətiyyən qəbuledilməzdir. Bu, beynəlxalq hüquq baxımından qeyri-qanunidir, beynəlxalq təhlükəsizliyə qəbuledilməz təhdid yaradır və dünyanı nüvə fəlakətinə sürükləyir. Nəticələr İsrail də daxil olmaqla, hər yerdə hiss olunacaq. Biz İsrail hökumətini İranın nüvə obyektlərinə hücumlarını dərhal dayandırmağa çağırırıq. Rusiyalı mütəxəssislərin işlədiyi Buşehr elektrik stansiyasının təhlükəsizliyindən narahatıq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ