İyunun 13-də başlayan İran və İsrail arasındakı silahlı toqquşma nəticəsində hər iki tərəfdə insan tələfatı və genişmiqyaslı dağıntılar qeydə alınıb.
Turkustan.az xəbər verir ki, münaqişə altıncı gününə qədəm qoyarkən ölən və yaralananların sayı artmaqda davam edir.
Rəsmi Tehran bildirir ki, hücumların başladığı gündən bəri 224 nəfər həlak olub. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində İranın bir neçə yüksək rütbəli hərbi komandiri və aparıcı nüvə alimləri öldürülüb. Eyni zamanda, yaşayış binaları və mühüm infrastruktur obyektləri dağıdılıb.
Paytaxt Tehranda minlərlə insan evlərini tərk edib. Şəhərdə partlayış səsləri eşidildiyi, hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.
İranın nüvə obyektləri də zərbələrə məruz qalıb. eynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi BBC-yə açıqlamasında bildirib ki, Natanz obyektinə ciddi ziyan dəyib və təqribən 15 min sentrifuqanın məhv edildiyi ehtimal olunur. Lakin Fordo nüvə mərkəzi əsasən salamat qalıb.
Həmçinin İranın “Nournews” agentliyi məlumat verir ki, ölkənin mərkəzində yerləşən Kaşan şəhərinə edilən hücum nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
İsrail rəsmiləri İranın raket hücumları nəticəsində 24 nəfərin öldüyünü, hamısının mülki şəxslər olduğunu açıqlayıb. Yaralıların ümumi sayı 647 nəfərdir. Onlardan 10 nəfəri ağır, 37 nəfəri orta, 600-dən çoxu isə yüngül xəsarət alıb.
İsrail ordusu bildirib ki, İran ümumilikdə 400-ə yaxın ballistik raket atıb. Bunlardan təqribən 35-i hava hücumundan müdafiə sistemlərini yararaq hədəflərə birbaşa düşüb.
Zərbələr nəticəsində 18,766 ziyanla dair müraciət daxil olub. Onların 15,861-i bina, 1,272-si isə avtomobilə dəymiş ziyanla bağlıdır. Həmçinin 2,725 nəfər təhlükəsizlik məqsədilə evakuasiya olunub.
Münaqişənin gedişində həm insan itkisi, həm də iqtisadi və infrastruktur zərərləri böyüməkdə davam edir. Tərəflər arasında hərbi əməliyyatlar hələ də dayandırılmayıb./modern.az