İranın hərbi və siyasi rəhbərliyinə mobil telefonlardan istifadəni dərhal dayandırmaq əmri verilib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Israel Hayom” nəşri yazıb.
Bu addım İsrailin yüksək texnoloji izləmə və kəşfiyyat qabiliyyəti fonunda atılıb. İran rəhbərliyi ehtiyat edir ki, İsrail xüsusi xidmət orqanları – xüsusən də “Mossad” – mobil siqnallar vasitəsilə rəsmilərin yerlərini təyin edərək hədəfli zərbələr endirə bilər.
Son həftələrdə İsrailin İranda yüksək rütbəli komandirləri hədəf alaraq aradan qaldırması göstərir ki, kəşfiyyat informasiya sızmaları, elektron cihazlar və mobil rabitə vasitəsilə əldə edilir.
Hətta bəzi məlumatlara görə, İDF (İsrail Müdafiə Qüvvələri) Kəşfiyyat Korpusu tərəfindən İranda həyata keçirilən əməliyyatlarda 18 yaşlı israilli qız kəşfiyyatçılar mobil siqnallar və GPS məlumatları vasitəsilə bir neçə general və briqada komandirinin məhv edilməsinə nail olub.
Bu səbəbdən İran daxilində “rəsmi şəxslər yalnız şifahi və məhdud məkanda birbaşa təmaslarla ünsiyyət qura bilər” əmri qüvvəyə minib.
İran uzun müddətdir ki, İnformasiya və Texnologiyadan (İT) sanksiyalar və daxili senzura səbəbilə tam istifadə edə bilməyib. Bu, onları həm də texnoloji təhlükəsizlik baxımından zəif duruma salır. İsrail isə əksinə, kiberhücumlar və siqnal izləmə sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir.
Bu fonda İranın daxili rabitə sisteminin etibarsızlığı bir daha üzə çıxıb.
Mobil və peyk siqnalları vasitəsilə yer təyinetmə texnologiyaları hazırda İran ordusunun ən zəif nöqtəsinə çevrilib.
İsrailin elektron müharibə imkanları ilə İranın qərargahları, idarəetmə mərkəzləri və kritik infrastrukturları real vaxt rejimində izlənə bilir./Bizim.Media