“Qarabağ”ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçu imiş – FOTOLAR


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”ə uduzmasına görə ağlayan iki azyaşlı azarkeşin videosu gündəmə gəlib. Ağdam klubunun son dəqiqələrdə buraxdığı qollar balaca tərəfdarların göz yaşlarına səbəb olub. Həmin uşaqların kimliyi də maraqla qarşılanıb.

Turkustan.az “Qafqazinfo”ya istinadən bildirir ki, azyaşlılar əslində kluba yad uşaqlar deyil. Onlar elə Ağdam klubunun akademiyasının üzvləridir, həm də komandanın fanatıdırlar.

Nihat və Ümid Şükürovlar “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edir. Nihat U-9, Ümid isə U-11 komandasının üzvüdür.

Uşaqların atası Sənan Şükürov deyir ki, hər zaman “Qarabağ”ın matçlarını izləyirlər. Bakıdakı matçların çoxunu elə stadiondan izlyəyirlər: “Onları stadiona aparıram. Hər ikisi futbolla yatırlar, futbolla qalxırlar. Mən özüm də futbolçu olmuşam. Azərbaycan U-19 millisinə qədər yüksəlmişəm, zədə səbəbindən vidalaşmalı oldum. İndi uşaqlar bu yolu davam etdirirlər. Onlar “Qarabağ”ın çılğın fanatlarıdır, hər oyununu izləyirlər”.

Balaca Ümid isə ötən gün “Qarabağ”ın “Bayer”ə son dəqiqə qolları ilə uduzmasında hakimi günahlandırıb: “Mən vətənpərvər və “Qarabağ”ın oyunçusu kimi deyirəm ki, qələbəyə layiq idik. Həmişəki kimi hakim ədalətsizliyi ilə üzləşdik. Bu ədalətsiz qərarların fonunda uduzduq. Şəxsən qardaşımla mən səhərə kimi yatmamışıq. Demək olar ki, ağlamışıq”.


MANŞET XƏBƏRLƏRİ