Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi yeni layihəyə başlayır


Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihə həyata keçirir.

Bakıxanov qəsəbəsində həyata keçiriləcək layihənin icra müddəti 4 aydır.

Layihənin məqsədi Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qruplarının (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüquqlarla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə, hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində fiziki cəhətdən hərəkət etmək imkanı olmayan qoca, tənha və kimsəsizlərə evdə tibbi müayinənin və müalicənin təmin olunması, ehtiyac olarsa onların gigiyenik tələbatlarının ödənilməsi üçün sosial təminat şöbəsinə müraciət edərək sosial işçilərin cəlb edilməsinə nail olunması, əlilliyi olan və tənha, qoca, kimsəsiz, xəstə şəxslərin həkim müayinəsinin təşkil edilməsi (könüllü olaraq 1 gün), hüquqi problemlərlə üzləşən əlilliyi olan və tənha, kimsəsiz insanlara problemlərin həllində pulsuz hüquqi yardımların göstərilməsi nəzərdə tutulur.

Bu insanların fiziki və hüquqi şəxslərlə, dövlət orqanları ilə münasibətdə üzləşdikləri hüquqi xarakterli problemlərin həllində peşəkar hüquqşünas və layihə təlimçisi tərəfindən onlara hüquqi məsləhət və yardım ediləcəkdir.

Bundan başqa, 100 nəfərə maarifləndirici tədbirlər keçiriləcək, onlara sosial hüquqlar haqda məlumat veriləcək, iştirakçıların suallarına cavab veriləcək və lazım olduqda əməli köməklik göstəriləcək.


MANŞET XƏBƏRLƏRİ