Qarşıdan məktəblərdə “Son zəng” tədbirləri gəlir. Bir çox təhsil müəssisəsində artıq hazırlıqlara başlanılıb, məzun geyimləri sifariş edilir, restoran və foto çəkilişləri üçün planlar qurulur. Lakin bu hazırlıqlar bəzi valideynlər üçün ciddi maliyyə yükünə çevrilib.
Bununla yanaşı, bəzi məktəblərdə “Son zəng” hazırlıqlarının dərs prosesinə təsir etdiyi, şagirdlərin vaxtının daha çox rəqs məşqləri və müxtəlif təşkilati işlərə sərf olunduğu bildirilir. Belə ki, tədbirin mahiyyəti bəzən ikinci plana keçir, diqqət daha çox təmtərağa yönəlir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi hər il “Son zəng” tədbirləri ilə bağlı məktəblərə xüsusi təlimat göndərir. Təlimatda tədbirlərin məktəb ərazisində keçirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması, təmtəraqlı və əlavə xərc tələb edən təşkilatlardan uzaq durulması, həmçinin tədris prosesinin pozulmaması tövsiyə edilir. Nazirlik məktəblərə və valideynlərə tədbirlərin daha sadə və məzmunlu formada təşkili ilə bağlı çağırış edir.
Bəs təlimata əməl olunurmu?
Mövzu ilə bağlı Pravda.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Cahid İmanlı bildirib ki, təhsilin müəyyən pillələrinin başa çatması münasibətilə tədbirlərin keçirilməsi illərdir formalaşmış ənənədir və bunun tam qadağan olunması düzgün yanaşma hesab edilə bilməz.

O qeyd edib ki, əsas məsələ tədbirlərin tədris prosesinə mane olmaması və kommersiya xarakteri daşımamasıdır: “Daha yaxşı olardı ki, bu tədbirlərə hazırlıq tədris prosesini pozmasın, eləcə də bahalı, təmtəraqlı və kommersiya məqsədli olmasın. Məktəb rəhbərliyi Elm və Təhsil Nazirliyinin məzun günü ilə bağlı məktəblərə göndərdiyi təlimata düzgün əməl etsə, əslində bu qədər problem yaranmaz”.
Ekspertin sözlərinə görə, bəzi məktəblərdə şagirdlərin rəqs məşqləri dərs saatları ərzində təşkil olunur ki, bu da yolverilməzdir: “Elə hallar olur ki, şagirdlərin rəqsə hazırlığı dərs müddəti ərzində həyata keçirilir. Buna yol vermək olmaz. Məktəb rəhbərliyi tədbirin daha çox əyləncəli yox, bədii keçməsinə çalışmalıdır. Şagirdlərin rəqs hazırlığı dərsdənkənar məşğələlərdə və məktəbin öz imkanları hesabına təşkil olunsa, daha məqsədəuyğun olar”.
C.İmanlı vurğulayıb ki, hazırda məzun günü ilə bağlı yaranan xərclər valideynlərin büdcəsinə ciddi təsir edir: “Məzun günü xərcləri valideynlər üçün əlavə yükdür. Bir şagirdin məzun günü üçün 500-1000 manat pul lazım olur. Direktorlar məzun gününə kommersiya marağı kimi baxmasa, bu xərcləri xeyli azaltmaq mümkündür”.
Mövzu ilə bağlı valideynlər də narahatlıqlarını gizlətmirlər. Onların sözlərinə görə, bahalı geyimlər, foto və video çəkilişləri, restoran məclisləri, rəqs hazırlığı və digər ödənişlər səbəbindən “Son zəng” tədbirləri artıq sadə məktəb ənənəsindən çıxaraq bir növ yarışa çevrilib. Valideynlər arasında bu təmtərağa xüsusi önəm verənlərlə yanaşı, yaranan xərcləri qarşılamaqda çətinlik çəkənlər də az deyil. Hətta bəzi valideynlər bu qədər xərc və dəbdəbəni lazımsız hesab etsələr də, övladlarının digər şagirdlərdən geri qalmasını istəmədikləri üçün məcburən həmin hazırlıqlara qoşulduqlarını bildirirlər.