İran ABŞ-ın dediyindən daha çox hədəfə zərbə endirib -VP


The Washington Post qəzetinin əldə etdiyi peyk görüntülərinin təhlili göstərir ki, İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi zərbələrin miqyası indiyədək açıqlanandan daha böyük olub.

Turkustan.az xəbər verir ki, İran yönlü media tərəfindən yayılan və “Washington Post” tərəfindən təsdiqlənən görüntülərdə ABŞ-a məxsus ən azı 228 tikili və ya hərbi avadanlığın zədələndiyi müəyyən edilib.

Qəzetin peyk görüntülərinə əsaslanan araşdırmasına görə, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi hava əməliyyatlarında anqarlar, kazarmalar, yanacaq anbarları, təyyarələr, eləcə də radar, rabitə və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

Məlumata əsasən, dağıntıların səviyyəsi ABŞ hökumətinin indiyədək ictimaiyyətə açıqladığı rəqəmlərdən daha genişdir.

ABŞ ordusunun məlumatına görə, 28 fevraldan etibarən bölgədəki ABŞ obyektlərinə edilən hücumlar nəticəsində yeddi hərbçi həlak olub — onlardan altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında. Aprelin sonunadək isə 400-dən çox əsgərin yaralandığı bildirilir. Yaralananların əksəriyyəti qısa müddətdə xidmətə qayıtsa da, azı 12 nəfərin vəziyyəti ağır qiymətləndirilib.

ABŞ rəsmiləri məlumatı anonimlik şərti ilə təsdiqləyiblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ