Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub. Bu barədə mediayaya onun vəkili Xeyransa Babayeva məlumat verib.
Turkustan.az Modern.az-a istinadla Azərbaycan ictimaiyyətində, o cümlədən diaspor fəaliyyətinə görə müəyyən qədər tanınan Oleq Krapivin dosyesini təqdim edir:
Oleq Krapivin 1960-cı ildə Şamaxı rayonunda dünyaya gəlib. Gənclikdə sərbəst güləşlə məşğul olub. Azərbaycan çempionatında 14 dəfə qalib gələn Krapivin veteranlar arasında dünya çempionu adını qazanıb. 1989-cu ildən isə Ukraynada bizneslə məşğul olub, ticarət mərkəzləri və digər əmlak sahələrinin sahibi olub.
O, həmçinin Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev təşkilatının sədri kimi diaspor fəaliyyətində tanınıb və Azərbaycanla əlaqəli mədəni tədbirlərdə iştirak edib.
Cinayət işi və məhkəmə prosesi
2024-cü ilin yayında Oleq Krapivin polis tərəfindən saxlanılıb. O, xuliqanlıq və dələduzluqda təqsirli bilinib.
2025-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsi Oleq Bakinskinin 2 il 6 ay şərti cəza almasına qərar verib.
Qeyd edək ki, “Oleq Bakinski” 2024-cü ildə Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapçast" ASC, "Promışlennıe Postavki Kazaxstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.