“ABŞ yaxın günlərdə İrana hücum edə bilər” – Güneyli mühacir


“Son aldığımız məlumata görə, hazırda İranda 544 nəfər həyatını itirib. Proseslər artıq 2 həftəni keçib və bu gün 15-ci gündür. Ölkədə internet və telefon əlaqəsi kəsilib, gecə aksiyalarında küçələrdə işıqlar söndürülür. Bu hakimiyyət bütöv İranı, istər azərbaycanlısı olsun, istər farsı, ərəbi, demək olar ki, əsir, girov götürüb. Hələ proses belə davam edir”.

Bu fikirləri Bakupost.az-a açıqlamasında güneyli mühacir Babək Muğanlı İranda 2 həftədir davam edən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

Bakupost.az

Onun sözlərinə görə, indiki halda İranda parçalanma ilə bağlı hələ proqnoz vermək çox çətindir:

“Çünki orada bütün xalq – türk, fars, ərəb, türkmən rejimin əleyhinə ayağa qalxıb. Əsas məqsəd rejimi devirməkdir. Həm siyasi, həm də iqtisadi məsələlərdən qaynaqlanan bir proses gedir. İndi bütün şəhərlər ayaqdadır”.

Babək Muğanlının fikrincə, gələn həftələrdə şüarlar da dəyişiləcək:

“Pəhləviçilərin çağırışları var ki, Rza Pəhləvi qayıtsın. İştirakçıların 50 faizi başqa təşkilatlardır və onlar yalnız öz məqsədləri üçün Pəhləvi şüarları səsləndirirlər. Adları yaxın zamanda açıqlanacaq. Düşünürəm ki, bir həftədən sonra bu şüarların hamısı dəyişiləcək”.

B.Muğanlı həmçinin ABŞ-nin bölgədəki hazırlıqlarına diqqət çəkib və qeyd edib ki, mümkün hücum halında prosesin gedişatı dəyişə bilər:

“Ola bilsin ki, bu yaxınlarda Amerika İrana hücum etsin. Hücuma keçsə, burada 2 məsələ var: xalqı birləşdirmək. Bu, yenə də rejimin qalmasını davam etdirə bilər. Yox, əgər ABŞ Tehranda İnqilab Keşikçilərini, hərbi bazaları və ali komandanlıq mərkəzlərini vurarsa, bəli, xalqın axını daha da çox olacaq. Ancaq parçalanma hələ ki gözlənilmir.

1979-cu ildə o vaxt inqilabdan sonra Kürdüstan ayağa qalxdı, Türkmənistan ayağa qalxdı, parçalanma oldu. Amma bu dəfə xalq o vəziyyətdə deyil. Hər halda orada əgər bir çevriliş və ya bir rejim dəyişikliyi olarsa, istər-istəməz bir tərəfdə kürdlər silahlıdır, digər tərəfdə bəluclar silahlıdır, azərbaycanlılar da öz sözünü deyəcək. Orada vəziyyət ümumilikdə belədir”.

Türkiyənin proseslərə münasibəti məsələsinə toxunan Babək Muğanlı bildirib ki, Türkiyə öz sərhədlərini qoruyur, amma onlar sonda öz sözlərini deyəcəklər:

“Düzdür, insan haqları qorunması, aksiyada iştirak edənlərə qəddar davranışın qarşısı alınması ilə bağlı çağırışlar var. Ancaq Türkiyənin aksiyaçıları, yoxsa rejimi dəstəkləməsi ilə bağlı rəsmi bir açıqlaması yoxdur. Əgər orada hərəkat baş tutarsa, onlar o vaxt sözlərini deyəcəklər”.


MANŞET XƏBƏRLƏRİ