Azərbaycana gətirilən ətlərlə bağlı narahatlıq – pərdəarxasında görün nələr var


Dabaq xəstəliyi ilə bağlı yeni iddialar yayılıb. Qəssablardan əldə olunan məlumata görə, bu barədə xəbərlərin kütləvi şəkildə yayılmasının səbəbi Braziliyadan və Monqolustandan gətirilən, mənşəyi tam müəyyən olunmayan dondurulmuş ətlərin bazara daxil olmasıdır. Bildirilir ki, xaricdən gətirilən bu ətlərdən hazırlanmış məhsullar – məsələn, dana basdırması və digər təamlar şadlıq evləri və restoranlarda geniş istifadə olunur. Sözügedən məhsul Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarından keçsə belə, əhalinin bir qismi hələ də ətin tam təhlükəsiz olduğuna əmin deyil.

Dondurulmuş xarici ətlərin insan orqanizminə təhlükəsi nə dərəcədədir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xaricdən gətirilən ətlərdə hər hansı problemin aşkarlanmadığını deyib.

Onun sözlərinə görə, xüsusilə Monqolustandan idxal olunan qoyun ətləri çoxluq təşkil edir:

“Bu ətlərin hamısı müvafiq orqanlar tərəfindən nəzarətdən keçirilir və təhlükəsiz sayılır. AQTA bu məsələyə ciddi nəzarət edir. Dabaq xəstəliyinin yayılmasında xaricdən gətirilən ətlərin rolu barədə isə hər hansı bilgi yoxdur. Əldə etdiyimiz məlumata görə, ölkəyə böyük miqdarda saxta vaksin gətirilib. Onun bir hissəsini dövlət orqanları artıq ifşa edib”.

eyyub
Eyyub Hüseynov

Ekspert hesab edir ki, istehlakçı hüquqlarının və bazarın qorunması sahəsində ən effektiv fəaliyyət göstərən qurumlardan biri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsidir:

“Bu idarə Qaradağ rayonunda saxta vaksin istehsal edən şəxsləri ifşa etdiyi kimi, tender yolu ilə milyonlarla dollar dəyərində Azərbaycana gətirilmiş vaksinlərin də araşdırılmasına başlamalıdır. Çünki DİN yalnız cərimə ilə kifayətlənmir, cinayət işi açır, bütün hüquqi prosedurları qanun çərçivəsində həyata keçirir”.

E.Hüseynovun fikrincə, DİN xaricdən gətirilən vaksinlərin tərkibini də araşdırmalıdır:

“Regionlardan gələn müraciətlərə əsasən, bəzi hallarda vaksin vurulan heyvanlar məhz bundan sonra xəstələnir. Ən etibarlı ekspertiza ictimai rəydir. Dövlət orqanları müəyyənləşdirməlidir ki, bu vaksinləri kim və nə məqsədlə gətirib. Bu, ciddi məsələdir. Ümumiyyətlə, əgər insanın əlində yara, kəsik və ya cızıq varsa, o, yoluxmuş ətə, heyvana və ya heyvan dərisinə toxunarsa, hətta nəfəs təması belə xəstəliyə yoluxma riski yaradır. İmmuniteti zəif olanlar daha tez yoluxa bilərlər. Buna görə də hazırkı dövrdə ət və süd məhsullarını yaxşı qaynatmaq vacibdir ki, dabaq xəstəliyinə dair şübhələr aradan qaldırılsın”.


MANŞET XƏBƏRLƏRİ