Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil


Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bunu azərbaycanlı ekspert, Karneci Berlin Mərkəzinin elmi işçisi Zaur Şiriyev İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumundan sonra jurnalistlərə deyib.

Jurnalistlərin Bakıda “maneəsiz keçid” ifadəsinin necə başa düşüldüyü barədə sualına cavab verən Şiriyev qeyd edib ki, konkret təfərrüatlar əməli mərhələdə aydın olacaq:

“Hələlik bunun tam olaraq nə demək olduğunu irəlidən söyləmək mümkün deyil, proses həyata keçirilərkən bəlli olacaq”.

Zaur Şiriyev əlavə edib ki, Zəngəzur dəhlizi termini Azərbaycanda mənfi məna daşımır - Ermənistanda formalaşmış təsəvvürün əksinə olaraq. Onun sözlərinə görə, söhbət təkcə TRIPP marşrutundan deyil, bütövlükdə regionda genişmiqyaslı nəqliyyat əlaqələrindən gedir.

“Zəngəzur dəhlizi daha geniş anlayışdır və TRIPP-ə (və ya “Tramp yolu”na) aid deyil. Ermənistandan fərqli olaraq, onun bizdə mənfi mənası yoxdur. Dəhliz termini dedikdə, Ermənistanda başqa cür, Azərbaycanda isə başqa cür qəbul edilir”, - ekspert vurğulayıb.

O həmçinin qeyd edib ki, keçidin formatı və mexanizmləri müəyyən edilərkən avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi nəzərə alınmalıdır.

“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır - keçidin rəvan və sürətli olması. Vacibdir ki, 40 ilə yaxındır davam edən münaqişə nəticəsində əziyyət çəkən naxçıvanlılar buradan fayda görsünlər. Onlar da iki ölkə arasında sülhün bəhrəsini görməyə layiqdirlər”, - Z.Şiriyev vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ