Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Qərbi Azərbaycanla bağlı dedikləri Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, dövlət başçısı çıxışında azərbaycanlıların qayıdış hüququnun təmin edləcəyini vurğulayıb:
“Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.
Prezident vurğulayıb ki, XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
“O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin”, - dövlət başçısı bildirib.
Prezident İlham Əliyev daha öncə də Qərbi Azərbaycana qayıdış məsələsinə toxunub. Məsələnin indi gündəmə gəlməsi isə xüsusilə diqqət çəkir. Çünki Ermənistan Azərbaycanla sülh sazişini parafladıqdan sonra azərbaycanlıların qayıdış hüququnun arxa plana keçəcəyini gözləyirdi. Dövlət başçısının çıxışı isə Qərbi Azərbaycana qayıdış strategiyasının dəyişmədiyini və dövlətin bu istiqamətə xüsusi diqqət ayırdığını təsdiq edir.
Ermənistanda Prezident İlham Əliyevin çıxışına müxtəlif reaksiyalar var.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, azərbaycanlıların qayıdışı haqda fikirlərdə heç bir təhlükə görmür.
“Azərbaycan Prezidenti söyləyir ki, maşınlarla geri dönməliyik, tanklarla yox. “Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (könüllü getmiş ermənilərin) qayıtmasından bəhs edərkən, tanklardan danışırıq?”, - o bildirib.
Baş nazir Nikol Paşinyan isə azərbaycanlıları qayıdışı məsələsinin, ümumiyyətlə məsələlərə tarix kontekstində yanaşmağın “sülhün əleyhinə” olduğunu iddia edib. Simonyanın müavini Ruben Rubinyan da iddia edib ki, “bu cür yanaşmalar sülhün əleyhinədir, geri qayıtmağın mənası yoxdur”.
Halbuki, azərbaycanlıların öz doğma yurdlarına qayıdışı sülhə hansısa zərər verəcək məsələ deyil. Çünki Qərbi Azərbaycandan deportasiya olunnan soydaşlarımız qaçqın statusu daşıyır və onların geri qayıtması beynəlxalq hüquqa əsasən, humanitar problemin həll edilməsidir.
Ermənistan müxalifəti və müxalif mediası isə Paşinyan hakimiyyətinin mövqeyinə baxmayaraq, azərbaycanlıların öz yurdlarına qayıdışının reallaşacağını düşünür.
“Hraparak” nəşri iddia edir ki, Azərbaycanın əsas hədəflərindən biri həm də şirin su ehtiyatlarına çıxmaqdır: “Böyük şirin su ehtiyatına maik olan Göyçə gölü ilə bağlı hədəfdə də bu amil var. Ona görə azərbaycanlıların geri qayıtması və Göyçədə yerləşməsi mümkündür. Bunun necə baş verəcəyini dəqiq demək çətindir. Ola bilsin ki, Paşinyan sülh gündəmi çərçivəsində Göyçə gölündən birgə istifadə ilə bağlı hansısa akt imzalasın. Mümkündür ki, sayı yarım milyondan çox olan azərbaycanlılar Göyçə gölünün ətrafında yerləşdirilsin. Bu, sui-qəsd nəzəriyyəsi kimi görünə bilər, amma Əliyev çoxdan sübut edib ki, əmin olduğu məsələni mütləq reallaşdırır. Ermənistan da rahat yaşamaq üçün Sevanı verməlidir”.
“Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan da hesab edir ki, “Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar./publika.az