“Dünyanın ən şanslı insanı" danışdı: Qardaşımı itirdim, ağrılarım çoxdur


Hindistanda 241 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sağ qalan yeganə şəxs Vişvaşkumar Rameş o vaxtdan bəri tam sağalmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Rameş özünü “dünyanın ən şanslı insanı” adlandırsa da, hər gün böyük fiziki və mənəvi əzab çəkdiyini deyib.

Keçən ilin iyun ayında Londondan havaya qalxan Air India reysi Hindistanda eniş etdikdən qısa müddət sonra qəzaya uğramışdı. Təyyarədəki 241 nəfərdən yalnız biri – 39 yaşlı Vişvaşkumar Rameş – sağ qalmışdı.

BBC-yə danışan Rameş bildirib ki, hadisədən sonra həm fiziki, həm də psixoloji olaraq çox yorulub. O, qəzada bir neçə sıra arxasında oturan qardaşı Ajayı itirdiyini söyləyib. Qardaşından danışarkən göz yaşlarını saxlaya bilməyən Rameş deyib:

“Sağ qalan tək mən idim. Hələ də buna inana bilmirəm. Amma qardaşımı itirdim. O, mənim dayağım idi, həmişə yanımda olurdu.”

Qəza sonrası İngiltərəyə qayıdan Rameş, travma sonrası stress pozğunluğu (TSSB) ilə mübarizə apardığını və hələ də həyat yoldaşı və 4 yaşlı oğlu ilə danışmaqda çətinlik çəkdiyini bildirib.

O, yaşadığı travmanı belə təsvir edib:

“Qəzadan sonra hər şey çox çətinləşdi – həm fiziki, həm ruhi baxımdan. Ailəm də çox sarsılıb. Anam dörd aydır hər gün qapının ağzında oturur, heç kimlə danışmır. Mən də heç kimlə ünsiyyət qura bilmirəm. Hər gecə o anları xatırlayıram. Bu məni daim təqib edir. Ağrılarım çoxdur.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ