Əhalinin və büdcənin pulunu “yeyən” təhlükə: Azərbaycanda devalvasiya riski varmı?


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. Bildirilib ki, 2024-cü ildə inflyasiya 4,5 faizə qədər azalacaq. Uzun müddətdir ikirəqəmli inflyasiya fonunda bu il birrəqəmli proqnozlar özünü doğruldacaqmı?

İqtisadçı ekspert Elman Sadıqov “Kaspi” qəzetinə açıqlamasında dedi ki, yüksək inflyasiya iqtisadiyyat üçün zərərlidir: “İnflyasiya əhalinin pulunu yeyir, büdcənin gəlirlərinin və xərclərinin artmasını zəruri edir. Hər ölkənin iqtisadiyyatı üçün optimal inflyasiya hədləri var. 4-6 faiz ətrafında inflyasiyanın olması Azərbaycan iqtisadiyyatı üçün normaldır. Amma inflyasiyanın 10 faiz və yuxarı olması, iqtisadiyyat, büdcə, əhalinin gəlirləri, rifahı üçün ciddi təhlükədir”.

Hansı halda inflyasiya səngiyə bilər?

E.Sadıqovun sözlərinə görə, inflyasiyanın səngiməsi bir çox amillərdən asılıdır: “4,5 faizlik proqnoz Mərkəzi Bankın verdiyi proqnozu təsdiq edir. İnflyasiyanın səngiməsi o şərtlər daxilində gerçəkləşə biləcək ki, hökumət Tarif Şurası tərəfindən tənzimlənən zəruri xərcləri artırmayacaq, çünki onlar təsiredici amillərdir. Digər səbəblərdən biri idxal inflyasiyasıdır. Hazırda bütün dünyada qiymətlər aşağı düşüb. Hətta bir çox əmtəə qiymətləri Rusiya-Ukrayna müharibəsindən öncəki həddə qayıdıb. Yəni inflyasiya ilə bağlı bütün dünyada cilovlanma gedir. Amma Azərbaycan üçün idxal inflyasiyası yenə də aktual olaraq qalır. Bunun aradan qaldırılmasında tariflər, gömrük rüsumları rol oynayır. Əgər mövcud şərait davam edərsə, hər hansı böhran, pandemiya, ciddi müharibələr və yaxud gərginliklər baş verməzsə, dünya bazarında əmtəələrin qiymətləri artmazsa və ölkə daxilində də Tarif Şurası tərəfindən tənzimlənən məhsullarda qiymət artımları olmazsa, bu proqnoz realdır”.

Artan maaşlar inflyasiya riski yaratmır

Müsahibimizin fikrincə, ölkədəki pul dövriyyəsi fonunda artan maaşlar ciddi inflyasiya riski yaratmır. Çünki ölkədə doymuş pul kütləsi yoxdur: “Proqnozların doğrulması, inflyasiya rəqəmlərinin enməsi üçün rəqabət mühiti daha da təkmilləşməlidir. Artıq Rəqabət Məcəlləsi də qəbul edildi. Bu da müəyyən ümid verir. Digər tərəfdən, istehsalın, emalın artması çox önəmlidir. Rəqabət nə qədər çox olarsa, daha aşağı qiymətdə daha keyfiyyətli məhsul almış olarıq”.

E.Sadıqov bildirdi ki, hər il yanvar, fevral aylarında idxal artır. Buna müvafiq dollara tələb də yüksək olur: “Dollara tələbin artması ciddi psixoloji vəziyyət yaradır. Əhali arasında maariflənmənin düzgün qurulmasına ehtiyac var. İnsanlar inflyasiya gözləyirlərsə, qiymətlər daha sürətlə artmağa başlayır. Çünki insanlar daha çox istehlaka baş vurur. Əslində devalvasiya getmir. Çünki hazırda neftin qiymətləri, tədiyyə balansındakı vəziyyət və s. devalvasiya üçün müəyyən zəmin yaratmır. Amma “üzən məzənnə” üçün müəyyən iqtisadi şərait və şərtlərin yerinə yetirilməsi vacibdir. Düşünürəm ki, hələlik bu da tezdir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, son vaxtlar insanlar manatlarını daha çox dollara çevirirlər: “İnsanların daha çox dollar alıb yığması iqtisadiyyatda dollar çatışmazlığı, manat artıqlığı əmələ gətirir və bu, manatı dəyərdən salır. Hesab edirəm ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması bununla əlaqədardır. Mərkəzi Bank əvvəllər manatı müstəqil valyuta kimi götürüb, faiz dərəcəsini artırıb-azaltmaqla inflyasiyaya təsir etməyi düşünürdü. İndi də faiz dərəcəsini artırmaqla inflyasiyanı azaltmağa çalışmalıdır. Çünki manat artıqlığı həm də devalvasiya riski yaradır. Devalvasiya riskini yaradan başqa amil büdcə öhdəlikləri və neft gəlirlərinin aşağı düşməsidir. Artan yeni büdcə öhdəliklərini qarşılamaq üçün devalvasiya mümkündür. Devalvasiya da gözləniləndən yüksək inflyasiya ilə müşayiət olunacaq. Bu riskə görə, insanlar manatdan imtina edib, dollara keçirlər”.

Tədbirlər əks-təsir göstərir

E.Rəşidov qeyd etdi ki, banklara tətbiq olunan sərt siyasət bu il də davam edərsə, inflyasiyada azalma olmayacaq: “Devalvasiya olarsa, dörd faiz ətrafında hədəflənən inflyasiyaya nail ola bilməyəcəyik. Devalvasiya baş verməzsə də, Mərkəzi Bankın inflyasiya hədəflərinə çatması çətin görünür. İnflyasiyanı yaradan mövcud siyasətdir”.

Milli valyutamız müstəqil deyil

Ekspertin fikrincə, manatın inflyasiyasını təyin edən əsas amil dolların dünya bazarındakı qiymətidir: “İnflyasiya yüksək olduqca, manat xarici valyutalara nisbətən daha çox dəyərdən düşür. Manatın məzənnəsi son 7-8 ildə sabitdir. Amma bu fonda manat dollara nisbətən bir neçə faiz dəyər itirir. Belə ki, Azərbaycanda olan inflyasiya ABŞ-də olan inflyasiyadan hər il bir neçə faiz yüksəkdir. Bu o deməkdir ki, xarici sektor Azərbaycana nisbətən daha rəqabət qabiliyyətlidir. Milli valyutamız müstəqil deyil, onun qiymətini dollar müəyyən edir. Belə bir fonda inflyasiyanı hədəfləmək düzgün deyil. Bunun üçün iqtisadiyyatı böyüdən və daha çox məşğulluq yaradan siyasət lazımdır. Məşğulluğun özü də iqtisadi artıma töhfəsini verir”. /Kaspi" qəzeti/


MANŞET XƏBƏRLƏRİ