"Bələdiyyə bizim binadakı bütün evlərə əmlak vergisinin ödənilməsi ilə bağlı bildiriş paylayıb. Sakinlərdən bələdiyyə binasına yaxınlaşmağı və pul ödəməyi tələb edirlər. Amma bunun nə dərəcə qanuni olub, olmadığını bilmirəm".
Bu sözləri "AzPolitika.info"-ya Bayıl sakini Elmin Dadaşov bildirib. O qeyd edir ki, ötən il də həmin bildirşləri paylamışdılar, amma çox adam ödəniş etməyib.
"Qorxuram ki, borclar üst-üstə toplanar, məni məhkəməyə verərlər, ölkədən çıxışıma qadağa qoyarlar", - paytaxt sakini vurğulayıb.
Bələdiyyələrin sakinlərə bildiriş göndərərək əmlak vergisi ödəməsini tələb etməsi qanunidirmi? Yerli özünü idarə qurumlarının tələb etdikləri əmlak vergisinin hüquqi əsasları nədən ibarətdir?
"AzPolitika.info" vətəndaşları narahat edən bu suallara aydınlıq gətirmək üçün "Arbitrium" Vəkil Bürosunun rəhbəri, tanınmış hüquqşünas Polad Mehdiyev ə müraciət edib.
Vəkil bildirib ki, Azərbaycanda bələdiyyə vergiləri və ödənişlərinə dair qanunvericilik Konstitusiyadan, Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının qanunlarından ibarətdir. Vəkilin sözlərinə görə, Azərbaycanda bütün vergi münasibətləri Vergi Məcəlləsi ilə tənzimlənir:
"Azərbaycan Respublikası Vergi Məcəlləsinə və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanuna əsasən bələdiyyə vergilərinə aşağıdakılar daxildir:
1. Fiziki şəxslərdən əmlak vergisi;
2. Fiziki şəxslərdən torpaq vergisi;
3. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
4. Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.
Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən yalnız xüsusi mülkiyyətində olan və Azərbaycan ərazisində yerləşən tikililərin və ya onların hissələri vergitutma obyekti sayılır. Vergitutma obyektləri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir. Yəni göründüyü kimi yalnız xüsusi mülkiyyətdə olan əmlaklara görə əmlak vergisi ödənilə bilər. Xüsusi mülkiyyətdə olmayan əmlaklara görə bələdiyyələr tərəfindən əmlak vergisi tələb etmək qanunsuzdur".
P.Mehdiyev əlavə edir ki, mülkiyyətində olan əmlaklarına görə əmlak vergisi ödəyən vətəndaşlar ödənişin məbləğinə diqqət yetirməlidirlər: "Belə ki, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə uyğun olaraq xüsusi mülkiyyətində olan binaların yaşayış sahələrinin 30 kv.m dən az olan hissəsi əmlak vergisinə cəlb olunmur, vergidən azaddır. Yaşayış sahəsinin əmlak vergisinin hesablanma qaydası bu cürdür: ümumi sahəsindən 30 kv.m çıxılır, yerdə qalan hər kv.m isə 0.4 manata vurulur. Əgər yaşayış sahəsi 30 kv.m azdırsa, məsələn 1 otaqlı mənzildirsə ümumiyyətlə əmlak vergisindən azaddır".
Büro rəhbəri təəsüflə qeyd edir ki, bələdiyyələr qanunda göstərilən halları nəzərə almadan istisnasız şəkildə əmlak vergisi tələb edirlər: "Təbii ki, başlıca funksiyası yerli əhaliyə xidmət göstərməkdən ibarət olan bələdiyyələrin öz vəzifələrini yerinə yetirməsi onun maliyyə vəziyyəti ilə birbaşa bağlıdır. Bələdiyyə maliyyəsi bələdiyyənin başlıca hərəkətverici mənbəyidir və belə mənbənin olmaması və ya zəif olması bələdiyyələrin fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir. Lakin bu hal vətəndaşlardan əsassız ödənişlər tələb etməyə səbəb olmamalıdır".