Son illər pensiya ilə bağlı bir sıra problemlər davamlı olaraq müzakirə edilsə də mövcud vəziyyət dəyişmir.
Belə ki, nə pensiya yaşı, nə də pensiya kapitalı azaldılır, əksinə, bu istiqamətdə artım davam edir. Pensiya ilə bağlı mövcud problemlərdən biri də bir qrup vətəndaşların əmək pensiyasından kənarda qalması, yalnız müavinətdən “asılı” olmasıdır.
2005-ci ilə qədər uzun illər işləyən bir şəxsin bu gün pensiya kapitalının görünməməsi ciddi problemdir. Ekspertlərin fikrincə, bu vəziyyət həmin dövrdə aparılmış əmək fəaliyyətinin və ödənilmiş sığorta haqlarının düzgün uçota alınmadığını göstərir. Onlar qeyd edirlər ki, 2006-cı ildən sonra fərdi hesablar sistemi tətbiq olunub və pensiya kapitalı elektron şəkildə toplanmağa başlayıb.
Lakin bu, 2005-ci ilə qədər işləyən insanların əmək stajının nəzərə alınmaması üçün əsas vermir. Qanunvericiliyə görə, həmin dövr üçün iş stajı sənədlərlə təsdiqləndiyi halda pensiya hüququnun hesablanmasında istifadə olunmalıdır.
Buna baxmayaraq, praktikada tez-tez rast gəlinən hal ondan ibarətdir ki, vətəndaş illərlə işləsə də, onun nə kapitalı görünür, nə də stajı tam şəkildə tanınır. Nəticədə belə şəxslər əmək pensiyası əvəzinə cəmi 220 manat sosial müavinət almağa məcbur qalırlar. 2005-ci ilə qədər olan əmək fəaliyyətinin tanınması iqtiqamətində hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, 2005-ci ilə qədər olan stajın sistemdə görünməməsinin əsas səbəbi fərdi uçot sisteminin məhz 2006-cı il yanvarın 1-dən işə düşməsidir:
“O tarixə qədər vətəndaşın ödədiyi sığorta haqqı pensiya kapitalı kimi toplanmırdı. Əvəzində ümumi əmək stajı götürülürdü. Problem də buradan yaranır: əmək kitabçası itibsə, müəssisə bağlanıbsa, arxiv yanılıbsa, stajı sübut etmək olmur”.
Ekspert qeyd edib ki, bu vəziyyətin həlli üçün bir neçə real addım atmaq mümkündür və bəzilərinə bu artıq qismən tətbiq edilir:
“Birincisi, əmək kitabçası və ilkin sənədlərlə müraciətdir. 2006-dan əvvəlki dövrlər üçün əsas sübut əmək kitabçasıdır. Əgər kitabça varsa, DSMF-nin yerli şöbəsinə təqdim edilir. Onlar stajı "şərti kapital"a çevirirlər. Hər il üçün minimum əməkhaqqı əsas götürülür və 2006-ya qədər olan illər ümumi staja əlavə olunur.
Kitabça yoxdursa, işlədiyin idarədən arayış, əməkhaqqı cədvəli, həmkarlar təşkilatının vəsiqəsi, əmr surətləri də keçərlidir. İkincisi, arxiv araşdırmasıdır. Müəssisə ləğv olunubsa, sənədlər Dövlət Arxivinə təhvil verilməlidir. Vətəndaş rəsmi sorğu ilə arxivdən işlədiyi dövrə aid əmr, cədvəl, şəxsi hesab vərəqi ala bilər.
Arxiv arayışı da stajın tanınması üçün hüquqi əsasdır. Arxivdə də sənəd yoxdursa, problem böyüyür. Üçüncüsü, məhkəmə yoludur. Heç bir sənəd qalmadıqda, iki şahidin ifadəsi ilə məhkəmədə stajı təsdiqlətmək olur. Şərt odur ki, şahidlər həmin dövrdə səninlə bir yerdə işləsin və onların öz stajı rəsmi təsdiqlənsin. Məhkəmə qərarı DSMF üçün məcburidir və həmin illər staja əlavə edilir.
Dördüncüsü, qanunvericilikdə dəyişiklik təşəbbüsüdür. İndi müzakirə olunan variantlardan biri "şərti stajın tanınması"dır. Yəni 2006-ya qədər hər il üçün ölkə üzrə orta əməkhaqqının müəyyən faizi qədər kapital hesablansın. Yaşı 60-ı keçmiş, amma stajını sübut edə bilməyən şəxslərə minimum pensiya verilsin. Bu, büdcədən əlavə xərc tələb edir, ona görə hələ qəbul edilməyib.
Beşincisi, "əmək pensiyasına güzəştli çıxış" mexanizmidir. Bəzi ölkələrdə 1990-cı illərin xaosunda sənədi itib-batmış nəsil üçün xüsusi əmsallar tətbiq olunur. Bizdə də 5 il sosial sığorta stajı olan şəxsə yaşa görə pensiya verilir. Amma məbləğ çox vaxt 220 manat sosial müavinətdən az fərqlənir. Ona görə vətəndaşlar narazıdırlar”.
Ekspert deyib ki, vətəndaş praktiki olaraq əvvəlcə DSMF-nin "e-sosial" portalında kapitalına baxmalıdır:
“Əgər 2006-ya qədər heç nə yoxdursa, əmək kitabçası və digər sənədləri yaşadığı rayon üzrə DSMF idarəsinə ərizə ilə müraciət etməlidir. Sənəd yoxdursa, arxivə sorğu göndərməlidir. Oradan da cavab gəlməsə, məhkəməyə hazırlaşmalıdır.
Prosesi sürətləndirmək üçün vəkil və ya "ASAN xidmət"də hüquq məsləhətçisi kömək edə bilər. Dövlət tərəfdən isə məsələnin köklü həlli üçün iki yol var. Ya 2006-dan əvvəlki dövrlər üçün avtomatik şərti kapital hesablanması qanuna salınmalı, ya da arxiv sistemi tam rəqəmsallaşıb vətəndaşın xeyrinə prezumpsiya tətbiq edilməlidir. Yəni şübhəli halda staj tanınsın.
Hazırda isə yük vətəndaşın üzərindədir, sübut etməsən, 220 manat sosial müavinət alırsan. Beləliklə, 2005-ə qədər olan əmək fəaliyyətini tanıtmaq mümkündür, amma sənəd tələb edir.
Sənəd yoxdursa, məhkəmə və şahid qalır. Sistemli həll üçün isə qanun dəyişməli, dövlət "sənəd itibsə vətəndaş günahkar deyil" prinsipi ilə yanaşmalıdır”.