Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə kartof istehsalı 924,7 min ton təşkil edib və bu göstərici 2024-cü ilə nisbətən 0,3 faiz azalıb.
Nəzərə alaq ki, Azərbaycanın kartofa olan illik ehtiyacı 1,5 milyon tondur. Bunun da 200 min tonu toxumçuluq istiqamətində istifadə edilir. 1,3 milyon tonsa sırf əhalinin istehlakına gedir.
Rəsmi statistikaya görə Azərbaycan xarici ölkələrə də karof ixrac edir. Belə olan təqdirdə yerli istehsal ümumi tələbatın ancaq 60-65 faizini ödəyir.
Halbuki pərakəndə məntəqələrində satılan kartoflar əsasən Gədəbəy, Şəmkir, Qusar və Tovuz məhsulu adı ilə təqdim edilir.Yaz kartofu isə əsasən Cəlilabad istehsalı adından bazara çıxarılır.
Bəs, idxalın bu qədər yüksək olduğu şəraitdə bazarlarda təqdim olunan kartoflar doğrudanmı yerli məhsuldur?
Məslələ ilə bağlı Bizim.Media-ya danışan “Meyvəli” topdansatış məntəqəsində çalışan Elçin adlı iş adamı deyir ki, biz əsasən idxal məhsulları satırıq:
“Kartofu əsasən Türkiyədən, İrandan, Pakistandan və Gürcüstandan idxal edirik. Ucuz olduğuna görə İran və Pakistan kartofuna maraq böyükdür. Türkiyə və Gürcüstandan gətirilən kartof isə nisbətən bahadır. Bəzi pərakəndə satış məntəqələrində Türkiyə və Gürcüstandan idxal edilmiş kartofu yerli məhsul kimi təqdim edirlər.
Çünki bu iki ölkələrdən gətirilən kartoflar daha hamar və təmiz olur. Amma İran və Pakistandan gələn kartofsa bir qədər torpaqlı olur. Lakin narahatlığa ehtiyac yoxdur. Xaricdən gətirilən kartoflar da yüksək keyfiyyətə malikdir. Axı, AQTA idxal olunan məhsullara nəzarət edir...”