Bu qrupa sənəd verən abituriyentlərə müjdə: Pulsuz oxuya bilərlər


Bu gün I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat başa çatır. Hazırda ən çox qeydiyyat I ixtisas qrupundadır. 29164 nəfər bu qrup üzrə müraciət edib.

Maraqlıdır, çoxluq niyə bu qrupa üstünlük verir? Bu hal I ixtisas qrupunda keçid ballarına necə təsir edəcək?

Turkustan.az xəbər verir ki, təhsil ekspert Elmin Nuri bu barədə “Yeni Sabah”a danışıb. Bildirib ki, təxminən 6-7 ildir ki, ixtisas qrupları içərisində abituriyentlərin müraciət sayına görə, birinci ixtisas qrupu liderdir:

“3-cü ixtisas qrupu isə həmişə onu izləyib. Bunun bir çox səbəbləri var. Öncəliklə, birinci ixtisas qrupunda keçid balları aşağı və ixtisas seçimi şansı çoxdur. Buna görə də az hazırlıqlı abituriyentlər bu ixtisas qrupuna meyl edirlər. Əvvəllər 250 bal toplayan şəxslər belə bu qrupu seçməklə tələbə adını qazanırdı. Amma sonradan bu məsələlər nisbətən dəyişdi. Müəyyən səbəblər oldu ki, 1-ci qrupa maraq daha da artdı. İnformatika fənni bura alt qrup olaraq əlavə edildi. Abituriyentlər isə könüllü olaraq belə bir seçim edib informatikadan ayrıca imtahan verə bilirdi. Yalnız həmin şəxslər Rİ alt qrupuna aid olan ixtisasları kodlaşdıra bilirdilər. Bura İKT yönümlü ixtisaslar daxildir. Bu da son illərdə birinci ixtisas qrupuna marağı daha da artırdı. Keçən il bir sıra mütəxəssislər sözügedən səbəblərə görə, bu qrupda artım olacağını bildirsələr də, bu artım gözlənilən qədər çox olmadı. Bu il isə artıq şagirdlər informatika fənninə daha çox meyl ediblər. Rİ alt qrupunu seçənlərin sayı bu il daha çox olduğu üçün 1-ci qrupa da tələb çoxaldı. Həmin səbəb də 3-cü ixtisas qrupunu xeyli üstələdi. Təbii ki, bu mövzuda sadəcə kəmiyyət rəqabətindən söz açmaq olar. Çünki sözügedən qrupların profilləri tamam başqadır”.

Elmin Nuri daha bir səbəb kimi ötən il 1 və 2-ci qruplarda dövlət sifarişli yerlərin sayının artırılmasını qeyd edib:

“Bu isə, əmək bazarında tələbatın olması mexanizmi ilə cilalanır. Birinci qrupda olan ixtisaslar qarşıdakı illərdə bizim əmək bazarında daha keçərli olacaq. Həmin kadrlara daha çox ehtiyac olduğu üçün dövlət sifarişli yerlər artdı. Dövlət həmin ixtisaslar üzrə kadrların formalaşmasına çox maraqlıdır.

Növbəti səbəb isə, 3-cü ixtisas qrupunda artıq əvvəlki illərdə olduğu qədər rəqabət müşahidə edilmir. Çünki bu qrupun əsasını təşkil edən pedaqoji ixtisaslara dövlət sifarişli yerlərin sayı azaldılıb. Ümumiyyətlə, pedaqoji ixtisasların plan yeri və müraciət sayı bir qədər azdır. Bu da başadüşüləndir. Ona görə ki, həmin ixtisası bitirən şəxslərin əmək bazarında işlə təmin olunmasında müəyyən çətinliklər yaranır. Beləliklə, abituriyentlərin həmin ixtisaslara və bu qrupa münasibət və müraciətində müəyyən dəyişikliklər ortaya çıxdı. Bütün bunları nəzərə alsaq, qarşıdakı illərdə hər hansı dəyişiklik olmazsa, uzun müddət birinci ixtisas qrupu bütün digər qruplar üzrə liderlik edəcək”.


MANŞET XƏBƏRLƏRİ