Azərbaycanın hansı qonşu ölkə ilə sərhədi delimitasiya olunmayıb?


Azərbaycan Ermənistan ilə delimitasiya prosesinə başlayıb. Artıq sərhədin Qazax-Tavuş bölgəsi istiqamətində işlər yekunlaşır. Ermənistanla delimitasiyanın başlanması bir məsələni aktuallaşdırır.

Azərbaycanın başqa hansı qonşu ölkə ilə sərhədi delimitasiya olunmayıb və nəyə görə? Delimitasiya prosesi tam yekunlaşan sərhədimiz varmı?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, hazırda Azərbaycanın Ermənistanla sərhədinin delimitasiya olunmuş hissəsinin demarkasiya prosesi həyata keçirilir:

“Bütövlükdə isə delimitasiya prosesi uzunmüddətlidir. Sərhədin delimitasiya olunmuş hər hissəsindən sonra müvafiq protokol imzalanır, sonra ərazidə nişanlama işləri aparılır, sərhəd dirəkləri qoyulur. İki ölkə arasındakı sərhədin delimitasiya və demarkasiyası tamamilə başa çatdıqdan sonra bununla bağlı yekun sənəd imzalanacaq və qeydə alınması üçün BMT-yə göndəriləcək. Yalnız bundan sonra delimitasiya və demarkasiya prosesinin başa çatdığını söyləmək mümkündür.

Hazırda Azərbaycan Gürcüstanla sərhədinin, təxminən 30% delimitasiya olunmayıb. Azərbaycan, tamamilə əsaslı olaraq, Gürcüstanla sərhədinin 480 kilometr olduğunu bildirir. Qeyd edim ki, SSRİ-nin respublikalararası inzibati xəritələrində də bu fakt öz əksini tapıb. Gürcüstan isə sərhədin uzunluğunun hansısa fərziyyələrə görə, 446 km. olduğunu bildirir.

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı danışıqların növbəti mərhələsi iyul-avqustda keçiriləcək

Azərbaycan-Gürcüstan sərhədi

Delimitasiya olunmayan ərazi, əsasən Keşikçidağ məbədinin yerləşdiyi ərazi və “Erisemidi” kəndi istiqamətindəki sərhəd zolağıdır. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyəti Qoruğu yaradılıb. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

Qoruq yaradıldıqdan sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlayıb. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII–XV əsrlərə təsadüf etdiyi məlum olub. Hazırda komissiyalar delimitasiya prosesinin davam etdirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirirlər”.

Politoloq deyib ki, Azərbaycan-Rusiya sərhədinin delimitasiya prosesi 28 avqust 2020-cu ildə başa çatdırılıb və bununla bağlı yekun sənəd imzalanıb və 2021-ci ildə ratifikasiya olunub:

“Azərbaycan-İran sərhədi SSRİ-İran sərhədinin bir hissəsini təşkil etdiyi üçün delimitasiyaya ehtiyac qalmayıb. SSRİ ilə İran arasında sərhədlərin delimitasiyası ilə bağlı yekun razılaşma isə 1957-ci ildə imzalanıb. 1970-ci ildə isə Araz çayı üzərində tikilən bəndlə bağlı son əlavələr edilib.
Ölkəmizin su sərhədləri isə 2018-ci ildə beş Xəzəryanı ölkənin liderlərinin imzaladığı sənədlə – “Xəzərin hüquqi statusu” haqqında Konvensiya ilə müəyyənləşməlidir. Konvensiyaya əsasən, Xəzərin tək sahilyanı dövlətlər arasında, bu sərhədlərin kəsişdiyi istiqamətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyənləşməlidir. Azərbaycanın Rusiya ilə su sərhədlərinin delimitasiyası da 2010-cu ildə başa çatıb və ümumi sərhədlərin delimitasiyası ilə bağlı yekun sənəddə bununla bağlı məqamlar öz əksini tapıb.

Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin delimitasiyası haqqında saziş 29 noyabr 2001-ci ildə imzalanıb və proses başa çatıb.

Azərbaycanla Türkmənistan 2021-ci ildə “Dostluq” yatağının müştərək istismarı ilə bağlı razılaşmaya imza atmaqla mübahisələrə son qoyublar və prosesi nəzəri baxımdan başa çatmış hesab etmək olar.

Azərbaycan-İran sərhədi

İrana gəldikdə isə bu ölkə ilə SSRİ-nin su sərhədləri Astara-Həsənqulu xətti üzrə 1921, 1940 və 1964-cü ildə imzalanan sazişlərlə müəyyənləşib və rəsmi Tehranın istək və arzularından asılı olmayaraq, bu prosesi de-yure başa çatmış hesab etmək olar”.


MANŞET XƏBƏRLƏRİ