Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB


ABŞ-ın Azərnaycanda səfir postuna namizəd göstərdiyi Aleksandr Aldenin ətrafında müxtəlif iddialar səsləndirilir. “Ermənistanın səsi” nəşri onun erməni əsilli olduğunu irəli sürsə də, hələ rəsmi təsdiq yoxdur. Aldenin valideynlərinin ABŞ-a qaçan sovet siyasi mühacirləri olduğu deyilir.

Trampın Azərbaycana göndərdiyi “ermənini” rəsmi Bakı qəbul edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, burda əsas meyar namizədin etnik mənsubiyyəti deyil, onun Vaşinqtonun rəsmi siyasətini necə təmsil etməsidir:

“Çünki diplomatik praktikada səfirlər şəxsi və ya etnik kimliklərini yox, təmsil etdikləri dövlətin maraqlarını ifadə edirlər. Bu baxımdan Aldenin erməni əsilli olması ilə bağlı iddialar təsdiqlənsə belə, bu amil avtomatik olaraq onun fəaliyyətinin Azərbaycana qarşı yönələcəyi anlamına gəlmir. Rəsmi Bakı üçün daha vacib məsələ namizədin regionla bağlı baxışları, Azərbaycan-ABŞ münasibətlərinə yanaşması və ikitərəfli əməkdaşlığın inkişafına nə dərəcədə töhfə verə biləcəyidir”.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva

Politoloq bildirib ki, Azərbaycan diplomatiyası indiyədək müxtəlif ölkələrdən fərqli etnik, dini və siyasi mənşəyə malik diplomatlarla işləyib:

“Ölkəmiz hər zaman münasibətləri dövlətlərarası maraqlar əsasında qurmağa üstünlük verib. Əgər Vaşinqton Aldenin namizədliyini rəsmi şəkildə təqdim edərsə və onun fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcəyi barədə etimad formalaşarsa, Bakının aqreman verməsi mümkündür. Amma yenə də son qərar namizədin bioqrafiyasından çox, ABŞ administrasiyasının Azərbaycanla bağlı ümumi siyasi xəttindən və ikitərəfli münasibətlərin mövcud vəziyyətindən asılı olacaq”.

Qeyd edək ki, sözügedən vəzifə 2024-cü ilin dekabrında Mark Libbinin Bakıdan getməsindən sonra təxminən bir il yarımdır boşdur.


MANŞET XƏBƏRLƏRİ