Azay Quliyevdən ATƏT-də mühüm görüşlər: COP-29 müzakirə olundu


ATƏT Parlament Assambleyasının İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədri Azay Quliyev Vyanada qurum mənzil-qərargahında həmkarlarla görüşlər keçirib.

Turkustan.az qurumun saytına istinadla xəbər verir ki, görüşlərdə ATƏT regionunda iqtisadi və ekoloji təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş səylər, bu yöndə parlament assambleyası qarşısında duran vəzifələr müzakirə olunub.

Görüşlərdə cari ildə keçirilməsi planlaşdırılan tədbirlər – o cümlədən, Bakıda keçiriləcək ATƏT-in Malta konfransı və COP29-u nəzərə alaraq iqlim dəyişikliyinə xüsusi diqqət yetirilib. A.Quliyev süni intellektin ATƏT PA-nın İkinci Komitəsinin də əsas prioriteti olduğunu qeyd edib və bu mövzuda Lissabonda keçiriləcək konfransla bağlı məlumat verilib. Digər prioritet mövzular arasında Ukraynadakı müharibənin ətraf mühitə təsiri, korrupsiyaya qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi və s. olub.

“ATƏT məkanının və daha geniş dünyanın üzləşdiyi misli görünməmiş çağırışları nəzərə alaraq, əsas iqtisadi və ekoloji təhlükəsizlik təhdidlərinin həllində ATƏT-in icra və parlament strukturları arasında daha çox yaxınlaşma yaratmaq üçün birgə işləmək vacibdir”, - Quliyev deyib. “ATƏT PA-nın İkinci Komitəsi iqtisadi və ekoloji problemlərin bütöv və bir-birindən asılı şəkildə həllinə çalışır və bu, ancaq hökumət, icra və parlamentin səmərəli əməkdaşlığı ilə mümkündür”.

A.Quliyev həmçinin 2024-cü ildə ATƏT-in Malta sədrliyinin nümayəndələri, o cümlədən İqtisadi və Ətraf Mühit Məsələləri şöbəsinin rəhbəri Giulia Buhagiar ilə sinerjinin gücləndirilməsi yollarını müzakirə edib.

ATƏT PA-nın Vyana ofisində Malta sədrliyi ilə görüşdə A.Quliyev 2024-cü il İqtisadi və Ətraf Mühit Forumunun gündəliyi ilə bağlı son konsensusun əldə olunmasını alqışlayıb. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizə kontekstində və COP29 baxımından gələcək fəaliyyətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yolları haqda fikir mübadiləsi aparılıb.


MANŞET XƏBƏRLƏRİ