Rusiya hərbçilərinin çıxarılması qazandığımız zəfərlərin məntiqi davamıdır” - Millət vəkili


“Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında qazandığımız zəfərlərin məntiqi nəticəsi, davamıdır”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Deputat deyib ki, erməni separatçıları Qarabağı tərk edəndən sonra rus sülhməramlılarının ərazidə qalması üçün heç bir səbəb qalmamışdı: “Bu kimi suallar çox verilirdi. Rusiya tərəfi isə üçtərəfli bəyanata əsasən 2025-ci ilə qədər missiyanın ərazidə qalması üçün müddətin olduğunu vurğulayırdı. Amma, artıq hər iki tərəf rəsmi şəkildə bəyan edib ki, sülhməramlılar Azərbaycan ərazisindən çıxarılır. Bu proses ilk olaraq Kəlbəcərdən – Xudavəng məbədindən başlamışdı. Azərbaycan dövlətinin, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı dəqiq, ölçülü siyasət bu dəfə də öz hədəfinə çatdı. Rusiya ilə aparılan bərabərhüquqlu, normal qonşuluq münasibətlərinə söykənən siyasət nəticəsində biz bu prosesləri qansız-qadasız, hər hansı problem yaşamadan həyata keçirdik”.

Millət vəkili bildirib ki, ötən müddətdə bəzi siyasətbazlar Qarabağdan rus hərbçilərinin çıxarılmayacağı barədə “proqnozlar” verirdilər: “Bu cür proqnozlar Şuşa haqqında, Xocalı, Xankəndi haqqında da verilmişdi. Amma, göründüyü kimi heç biri reallaşmadı. Azərbaycan dövləti Prezident İlham Əliyevin layiqli rəhbərliyi ilə öz hədəflərinə doğru gedir. Regionda və dünyada hörmət edilən, etimad göstərilən, hesablaşılan dövlət kimi beynəlxalq arenada öz yerini tutur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ