31 Mart qırğınlarını törədənlərin müdhiş sonluğu - Tarixin qisası


prof. Ramazan SİRACOĞLU

II yazı

1918-ci ilin mart ayının 17-də (yeni stillə, 29 martda) məşhur milyoner H.Z. Tağıyevin Lənkəranda hələk olmuş zabit oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş azsaylı zabit heyətinin daşnaklar tərəfindən Bakı limanında tərksilah edilməsinə yerli Bakı camaatının etiraz etməsi ermənilərə Mart soyqırımının, türk genosidinin başlanmasına bəhanə oldu.

19 (31) mart səhər erkəndən, şəhər yuxuda ikən əvvəlcədən hazırlıq görmüş, təpədən dırnağa silahlanmış daşnaklar böyük-kiçik demədən qarşılarına çıxan hər kəsi güllələləməyə, evləri, mağazaları yandırmağa, məscidləri dağıtmağa başladılar. Hiyləgər daşnaklar Xəzər dənizində reyddə duran rus matroslarını inandırmışdılar ki, türklər İçərişəhərdə və Bayırşəhərdəki rusları girov götürmüşlər. Rus matroslar da bu hiyləyə inanıb şəhəri top atəşinə tuturdular. Müsəlmanlar mövcud durumu Krasnokrets (indiki Şeyx Şamil) küçəsində yerləşən İran konsulluğuna çatdırdılar, az sonra İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və kapitan-leytenant M. A. Natanson İçərişəhərə gəldilər, oradakı 240 rusun heç birinin zərər görmədiğinin şahidi oldular, içərişəhərliləri qorumaq üçün 20 matros təyin edib getdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, s.17).

Daşnaklar bütün şəhər boyu hücuma keçmişdilər. Dəhşət burasında idi ki, bakılılara qarşı qəddar davranan qaragüruha, insaniyyətdən, mədəniyyətdən, dostluqdan dəm vuran erməni ziyalıları şəxsən özləri başçılıq edirdilər. Nkolayevsk (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçən daşnaklar İsmailiyyə binasına, indiki Sabir bağı tərəfdə yerləşən Kaspi mətbəəsinə, Uroloji xəstəxana səmtindəki "Dağıstan" mehmanxanasına od vurmuşdular, Sobornı (indiki Sabir) küçəsində doqquz müsəlman qadını diri-diri tonqala atmışdılar, neft milyoneri (neftəxuda) Baləhməd Muxtarovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki malikanəsini dağıtmış, ailə üzvlərini doğramışdılar.

Daşnaklar Kaspi mətbəəsində nəşr olunmuş təxminən 5 min ədəd "Qurani-kərim"i də təhqir etmişdilər, Vorontsov (indiki Kömürçü) meydanında yüzlərcə adamı işgəncə ilə öldürmüşdülər. Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsi ilə Persidski (indiki Murtuza Muxtarov) küçələrinin kəsişdiyi tində Şamaxı məscidinə sığınmış türkləri qanlarına qəltan etmişdilər.

Hadisələri öz gözləri ilə görmüş A. N. Kvasnik familyalı bir şahid Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyyasına bildirmişdi ki, Bakı soyqırımında bütün yaş qrupundan və peşədən olan ermənilər iştirak edirdilər, Serkovnı (indiki Vidadi) küçəsində törədilən qətliam iştirakçıları arasında ikinci-üçüncü sinifdən olan erməni uşaqlar da qatılmışdı. Bütün ermənilər türkləri öldürməkdən, onlara ağlasığmaz işgəncə verməkdən zövq alır, bununla da sanki öz milli borclarını yerinə yetirirdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, q. 26, s.6). Ermənilər Mart soyqırımından xeyli əvvəl, gecələr şəhərin müxtəlif yerlərini sürəkli atəşə tutur, adamları daim qorxu altında saxlayır, onları öz yaşayış yerlərindən çıxıb getməyə məcbur edir, tez-tez müxtəlif məhəllələrdə qarət, oğurluq hadisələri törədir, gündüzlər də müsəlmanlara qarşı təhrikedici hərəkətlər törədir, onları əsəbiləşdirir, türkləri yəhudi və rusların nəzərində vəhşi, mədəniyyətsiz, cahil topluluq kimi təqdim etməyə nail olurdular. Zəngin türkləri zorla öz evlərindən qovur, ən yaxşı halda onları həmin evin zirzəmisində yaşamağa vadar edirdilər. Müsəlman əhalinin şikayət edəcəyi yer yoxuydu. Müsəlman əhalidə hava qaralandan sonra küçəyə çıxmağa cəsarət qalmamışdı. Qafqaz cəbhəsini tərk edən ruslar da öz silahlarını dəyər-dəyməzə ermənilərə satır, ya da bağışlayırdılar. Kolubakin (indiki N. Rəfibəyli) küçəsində, Parapetə (indiki Fəvvarələr meydanı) yaxın yerdə yerləşən erməni kilsəsində də antitürk moizələri oxunur, ermənilər türk soyqırımına təşviq edilirdi. Təsadüfi deyil ki, məhz həmin ünvanda yerləşən erməni kilsəsi mart soyqırımında ermənilər üçün əsl cəbbəxana rolu oynamış, onun zirzəmisində dinc müsəlman əhaliyə qarşı işlənmiş kütləvi qırğın silahları mühafizə olunmuşdu.

Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində Lalayanlara məxsus "Metropol" (indiki Nizami adına ədəbiyyat müzeyi ) mehmanxanasının damından ermənilər pulemyotlarla ətrafdakı müsəlman məhəllələrinə atəş açırdılar.

Mart soyqırımı zamanında və sonrakı vaxtlarda İranın konsulu olmuş Muhəmməd Marağai "Siyasi xatirələr"ində Bakıda gördüyü vəhşəti belə təsvir etmişdir: "Konsulluğun binasında 100 iranlı bizə nicat gətirmişdi. 1918-ci ilin 2 aprelindən başlayaraq biz öz gücümüzlə təxminən 5 mindən çox cəsədi küçə və meydanlardan yığıb onları müsəlman qaydasına uyğun şəkildə dəfn etdik."

Ermənilərin Bakı, Şamaxı, Quba, Kürdəmir, Göyçay, Lənkəran, Zəngəzur, Naxçıvan və sair yerlərdə genosid əməlləri Qafqaz İslam Ordusunun Bakını azad etməsinə qədər müəyyən fasilə və templə davam etmişdir. Bu müddət ərzində 30 min soydaşımız qətl edilmişdir. 30-31 mart və 1 aprel 1918-ci il qırğınında ermənilərin insanlıqdan uzaq fəaliyyəti haqqında S. Şaumyan bir məktubunda "bizim üçün döyüşün nəticəsi parlaq oldu" yazıb. Sözsüz ki, öz mənafelərinin naminə məkrli plan hazırlayıb erməniləri bu qanlı əməllərə təşviq edənlər vardı. Əlbəttə ki, ermənilərin dəstəkçiləri də elə onlar qədər məsuliyyət daşıyırlar. Havadarlarının sayəsində Mart qırğınını törədənlərin nəvələri yüz il sonra Ağdamın daşını daş üstə qoymayıb, Füzulini yerlə bir edib, Cəbrayılı viranəyə çevirib, Zəngilanı yer üzündən silib, Kəlbəcəri dağıdıb, Qubadlını tar-mar edib, Şuşanın tarıxı memarlıq abidələrini bərbad günə salıblar, hələ də Xankəndində at oynadırlar…

31 Mart soyqırımının əsas təşkilatçıları və iştirakçıları Stepan Şaumyan, Stepan Lalayan, Samson Amiryan, Hamazasp Srvantsyan, Andranik Ozanyan, Tatevos Amiryan və başqalarının sonrakı aqibətləri haqqında təskinlik üçün qısa bilgi vermək maraqlı olar.

Baksoveti daşnaklarla doldurmuş quldurbaşı Stepan Şaumyan – haqqında, guya, çox sonralar Hindistanda ölməsi haqqında şayiələr uydurulmasına baxmayaraq – 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndi.

Bakı və Şamaxıda çox sayda müsəlmanı qətlə yetirən Stepan Lalayan 30.11.1919-cu ildə Gəncədə güllələndi.

Əlləri minlərcə günahsız müsəlman, türk qanına bulaşmış, əsirlərə və yaralılara xüsusi amansızlıqla işgəncələr verməkdən mənəvi həzz alan xunxar Hamazasp Srvantsyan 20.02.1921-ci ildə İrəvanda balta ilə doğram-doğram edildi. Öldürülərkən "adam da adamı belə öldürərmi?" deyə zarımışdır. Ayağındakı çəkməsindən doğranmış cəsədin Hamazasp olduğu müəyyənləşdirilmişdir. Ermənilərin iddialarına görə, onu Süleyman Nuri adlı bir türk öldürtmüşdür.

Ömrü boyu türklərin əlinə keçəcəyi qorxusundan səksəkə içində yaşamış, tez-tez yerini dəyişmiş, qatil tayqulaq Andranik Ozanyan 31.08.1927-ci ildə müəmmalı şəkildə öldü. Son sözləri "işim yarımçıq qaldı" olub. Hələlik üç dəfə basdırılıb (öncə Kaliforniyada, sonra Parisdə, indi də İrəvanda).

Bakı qarnizonun komendantı maskası altında müsəlmanları xüsusi amansızlıqla qətlə yetirən Baqdasar Avakyan – 20.09.1918-ci ildə güllələndi.

Bolşevik cildində bakılılara qarşı soyqırımda yaxından iştirak etmiş Tatevos Amiryan – 20.09.1918-ci ildə güllələndi.

Bolşaya Morskaya (indiki Bülbül) küçəsindəki malikanəsi daşnakların iqamətgahı olan, Zuğulba su kəmərinin sahibi, türk qadınlarını işgəncələrlə şəxsən öldürən milyoner Ambarsum Məlikyan – 01.10.1918-ci ildə Astraxanda güllələndi.

Mart soyqırımı ciddi-cəhdlə uzun zaman bizə unutduruldu. Çəmbərəkənd məzarlığı bəlli bir dönəm Mərkəzi əyləncə və istirahət parkına çevrildi, qətlə yetirilənlərin üstündə "Drujba narodov – Xalqlar dostluğu" restoranı inşa edildi. Şəhərə hakim yüksəklikdə isə daşnakların siyasi hamilərindən və havadarlarından birinin — şorgözlüyünə görə 1934-cü ildə güllələnərək öldürülmüş "doğma Mironıç"ın heykəli də ucaldıldı. Rüzgarlar şəhərinin dəlisov küləkləri bu heykəli devirməyə çox çalışsa da, onu yıxmağa gücü yetmədi. Bəzən sinirləndi, bəzən bezdi də bu gücsüzlüyündən. İqlim küləklərinin devirməyi bacarmadığını zaman rüzgarı bacardı. Heykəl də, restoran da, əyləncə mərkəzi də sanki heç olmayıbmış kimi yoxa çıxdı. Qətl edilmiş soydaşlarımızın qanı yerdə qalmadı.

MEDİA Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ