Həsən bəy Zərdabinin təbii-elmi görüşləri


No description available.

Müstəqil Ağayev

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Qabaqcıl Maarif Xadimi

(III məqalə)

Keçən məqalədə qeyd etmişdik ki, torpaq eroziyası və onun şorlaşmasının qarşısını almaq üçün Həsən bəy bir sıra zəruri təkliflər irəli sürmüşdür. Zərdabi göstərir ki, torpaq eroziyasının genişlənməsinə, quraqlığa və məhsul qıtlığına səbəb meşələrin amansızcasına məhv edilməsidir. Zərdabinin göstərdiyi kimi, hələ keçən əsrin əvvəllərində Kür çayının hər iki sahili sıx meşələrlə örtülü idi. Bu meşələr ətraf düzlərin iqliminə müsbət təsir göstərirdi. Lakin ağaca olan ehtiyacın artması ilə əlaqədar olaraq, bu meşələrin xeyli hissəsi məhv edilmişdir.

Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin 8 noyabr 1876-cı il tarixli 21-ci sayında eroziyanın yaranmasında ən basilica amillərdən biri olan suyuyn azalmasını,torpaqların eroziyaya məruz qalmasını, odunun bahalandığından çayların başında sakin olan kəslər tərəfindən orada olan meşələrin qırılmasını, burada eroziyanın yaranmasında insanın düzgün olmayan təsərrüfat fəaliyyətini göstərərək yazırdı ki, suyun olmamasına ah çəkmək yox, meşə salmaq gərəkdir ki, su artsın.

Təzə meşə gəlib meşə olunca, eroziyanın qarşısının alınması və su mənbəyinin yaradılması məqsədilə yerquruluşu tədbirləri görməyin, əkin yerinin məhsuldarlığını artırmağın yollarını əkinçilərə başa salırdı. O, hələ 1875-ci ildə yazmışdı: " Bizim Qafqaz vilayətinin abu havası dəyişilməyi məlumdur. Keçmişdə yayımız belə isti, qışımız isə belə soyuq olmayıb. Buna ümdə səbəb meşələrin azalmağıdır".

Həsən bəy Zərdabi ömrünün sonuna qədər meşələrin qırılmasına, bunun nəticəsində baş verən eroziya prosesinin sürətlənməsinə, suyun azalmasına və iqlimin quraqlaşmasına acımışdır. Ona görə də Zərdabi bu fikrini 24 il sonar "Kaspi" qəzetində yenidən şərh etmişdir. O, Böyük Qafqazın şimal-şərq yamacındakı meşələrin Bakı, Şamaxı qəzaları və Dağıstan üçün odun və kömür məqsədlərilə məhv edilməsinə qəti etiraz edərək yazırdı: " Bu meşələrin qorunmasına qayğı göstərmək lazımdır, əks təqdirdə, Quba qəzası susuz səhraya, yaxud daha sərfəsiz sulu səhraya çevriləcəkdir".

Zərdabi mal-qara otarılan yerlərdə müxtəlif bitkilər arasında təbii yol ilə əmələ gələn nisbətlərin pozulmasını və bunun heyvandarlıq üçün zərərini göstərirdi. Həsən bəy biologiyanın nəzəri əsaslarından heyvandarlıqda istifadə etməyin yollarını öyrədirdi. O, kəndlilərə otlaqlardan elmi üsulla istifadə etməyin əhəmiyyətini başa salırdı: " Bunun sayəsində bizim otlaqlarımızda faydalı otların sayı getdikcə daha da azalır, hazırda, demək olar ki, tamamilə süddöyən və ya digər zərərli otlar basmış otlaqlara rast gəlmək olar".

Həsən bəy Zərdabinin fikrincə, maldarlıqda məhsuldarlığın get-gedə aşağı düşməsinə səbəb olan amillər çoxdur. Bunlardan biri mal-qaranın artımı ilə otlaqların sahəsi arasında getdikcə artan ziddiyyətdir. Əhalinin həyatında maldarlığın çox böyük iqtisadi rolu olmasına baxmayaraq, onun inkişafı üçün ölkədə şərait yaradılmır. O, otlaqlarda süni olaraq yem otları əkilməsini təklif edirdi. Zərdabi bu otlardan yoncanın, xaşxaşın adlarını çəkirdi. Otlaqların səmərəli istifadə edilməsi üçün heç olmazsa, bir neçə ildən bir torpağı çevirməli, yumşaltmalı və onun toz halına keçməsinə yol verilməməlidir."..buna görə də otlaqları gübrələmək, yəni həmin bitkilərə lazım olan maddələri torpağa qaytarmaq lazımdır"

Həsən bəy Zərdabi eroziya prosesləri ilə yanaşı, aqrokimyəvi problemlər haqqında da fikir söyləmişdir. O, eroziya nəticəsində deqradasiyaya uğraməş otlaqların bərpası üçün başqa tədbirlərlə yanaşı, gübrələrdən istifadə edilməsini tövsiyə edirdi. O göstərirdi ki, bitkilər tərəfindən torpaqdan ixrac olunan qida maddələrini gübrə şəklində torpağa qaytarmaq zəruridir.

Həsən bəy Zərdabinin hələ 130 il bundan əvvəl söylədiyi fikirlər bu gün də müasir aqrokimya elminin əsasını təşkil edir. Beləliklə, Həsən bəy Zərdabi bitkilərin qida sisteminin qurulmasının labüdlüyünü tövsiyə edirdi və bununla əlaqədar proqnozlar verirdi. Göründüyü kimi, vətənin bu dahi oğlu elmin, xüsusilə, təbiət elmlərinin Yer kürəsində və biosferdə yerini göstərmiş, insan cəmiyyətinin inkişafında onların rolunu üzə çıxarmışdır. Eyni zamanda, Həsən bəy Zərdabi Azərbaycanda aqrokimya elminin banisi olmuş və onun əhəmiyyətini xalq arasında təbliğ etmişdir.

Həsən bəy heyvandarlığın inkişafında otlaq-biçənəklərin əhəmiyyətini, güclü yem bazasının yaranmasında onların rolunu göstərmişdir. O, bitkilərin növü, məhsuldarlığı, yemin keyfiyyəti haqqında, otlaq və biçənəklərin ot durumunun yaxşılaşdırılması haqqında da tövsiyələr vermişdir. Əsərlərindən göründüyü kimi, Həsən bəy həm də geobotanikanı dərindən öyrənmişdir və bu sahədə də onun elmi görüşləri diqqətəlayiqdir.

Həsən bəy Zərdabi heyvandarlığın inkişafında müstəsna əhəmiyyət kəsb edən, təbii yem bazası hesab olunan örüş-otlaq sahələrində müşahidələr, tədqiqatlar aparmaqla hələ o zaman otlaqların bitki aləminə, botaniki tərkibinə, məhsuldarlığına və məhsulun keyfiyyət göstəricisinə eroziya prosesinin təsirini müəyyən etmiş, antropogen amillərin otlaq eroziyasının əmələ gəlməsinə təsirini, mal-qaranın sistemsiz və normadan artıq otarılması, torpaqqoruyucu yerquruluşu tədbirlərinin tətbiq edilməməsi nəticəsində otlaq eroziyasının geniş yayılması səbəblərini, təbii yem sahələrində bitkilərin botaniki tərkibində dəyişiklik əmələ gələrək şirin, şirəli, qıdalı, faydalı bitkilərin quru, tikanlı, alaq otları ilə əvəz olunduğunu göstərmişdir. Otlaqlardan səmərəli istifadə olunmasını və onların yaxşılaşdırılmasını elmi əsaslarla əhaliyə başa salmışdır. Belə ki, otlaqlarda zərərli və ziyanlı bitkilərin məhv edilməsi, yeni bitkilərin toxumunun səpilməsi və sahələrdə yaxşılaşdırma məqsədilə aqrotexniki tədbirlərin aparılmasını, gübrələmə tətbiq olunması və sair tövsiyələri örüş-otlaq sahələrində təbii və antropogen amillərin təsirindən baş verən eroziyanın qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.

Həsən bəy Zərdabinin məqalələri içərisində onun təbiətşünaslığa aid məqalələri xüsusilə diqqəti cəlb edir. Bunlar Zərdabini dövrünün görkəmli bir təbiətşünası, bioloqu kimi qəbul etməyə tam əsas verir. Zərdabi özünün elmi əsərləri və maarifçilik fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi və təbii-elmi fikir tarixində özünəməxsus şərəfli bir yer tutmuşdur.

Həsən bəy Zərdabinin dünyagörüşünün formalaşmasında A.A.Bakıxanovun,, M.Ş.Vazehin və M.F.Axundovun xüsusi rolu olmuşdur. Axundov və Zərdabi sözün həqiqi mənasında bir-birinin sevimlisi və sirdaşı olmuşlar. M.F.Axundov və Həsən bəy Zərdabi xalqımızın maariflənməsi uğrunda çox böyük işlər görmüşlər.

Zərdabi göstərir ki, üzvi təbiətdə yaşamaq uğrunda canlı varlıqlar arsındadaimi bir mübarizə getməkdədir. "Zindəganlıq dəvası və yaxud dirilik mübarizəsi" məqaləsində bu barədə daha konkret danışır. Zərdabi belə hesab edir ki, təbiətdə yaşamaq uğrunda mübarizə olmasa idi, təbiətdə yekcinslik yaranardı. Azuqə uğrunda, işıq və hava uğrunda bitki və heyvanlar həmişə bir-biri ilə mübarizə edirlər.. O yazırdı:" Dünyada olan heyvanat və nəbatat həmişə bir-biri ilə, ələlxüsus öz həmcinsləri ilə azuqə dəvası edirlər. Hər kəs bu dəvada düşmənə üstün gəldi, dünyada qalib zindəganlıq edir və məğlub olanlar xörəkdən yarımayıb günü-gündən zəif olub, axırda tələf olurlar..Belə dəvayə elmi-hikmət zindəganlıq dəvası deyir".("Həyat" qəzeti, 1906-cı il, 3-cü sayı).

Yenə həmin məaləsində Zərdabi xaşxaş otunun nümunəsində göstərir ki, xaşxaş otu yetişəndə onun qutularının içərisindəki toxumları yel ətraf yerlərə yayır. Yazda bunlardan sağ qalanları nəşvünüma tapıb inkişaf edirlər. Xaşxaş toxumlarından bir neçə yüzə qədər göy zoğlar əmələ gəlir ki, həmin yerin azuqəsi, işığı və sairə onlara kifayət etmir. Bunlar arasında zindəganlıq cəngi başlanır ki, bunun nəticəsində də o bir neçə yüz otdan ancaq bir neçə ot qalır ki, bu yerin azuqəsi onlara kifayət edir.

Həsən bəy Zərdabi faydalı bitkilərlə zərərli bitkilər arasında gedən mübarizədən bəhs edərək yazırdı: " Bizim tarlalarımızda faydalı otlar arasında nəzərə çarpmayan çoxlu miqdar müxtəlif yararsız otlar vardır. Bu yararsız otlar faydalı otlarla daim yaşamaq uğrunda mübarizədə olmuşlar və mübarizədədirlər. Bu mübarizənin sayəsində onların arasında daimi bir nisbət, məsələn, 1:100 nisbəti yaranmışdır, yəni faydalı bitkilər yararsız otlara nisbətdə yüz dəfə artıq olmuşdur".

Lakin əgər insan öz mal-qarasının sahibi kimi bu mübarizəyə müdaxilə edirsə və rəqiblərindən birinin " indiki halda yararsız otun tərəfini saxlayırsa, mübarizə şəraitinin bu cür dəyişməsi mübarizə aparan tərəflər arasında yaranmış daimi nisbətin dəyişməsinə gətirib çıxarmalıdır. Belə olduqda isə əvvəlkinin tamam əksi olan bir nisbət yarana bilər, yəni yararsız ot faydalı bitkidən 100 dəfə çox ola bilər. " ("Kaspi" qəzeti, 1901-ci il, 81-ci sayı) Məhz buna görə də Zərdabi faydalı bitkilərin inkişaf edib yayılması üçün xüsusi şərait yaradılması, süni yolla onların çoxaldılması məsələsinə xüsusi diqqət yetirməyi məsləhət görürdü.

Həsən bəy Zərdabi "Torpaq, su və hava" əsərində Yer laylarının öyrənilməsi əsasında göstərir ki, Yerin elə layları var ki, orada heç bir bitki və heyvan nişanəsinə rast gəlmək olmur. Bunun səbəbi də Yer əvvəllər çox isti olmuşdur. Yerin axır qatlarında bitki və heyvan nişanələrinə və lap axır qatlarda insan sümüklərinin qalıqlarına rast gəlinir. Hər bir laydakı qalıqlar aydın surətdə sübut edir ki, bitki və heyvan növləri sadədən merəkkəbə doğru, ilk adi formalardan ali formalara doğru inkişaf etmişdir.

Həsən bəyZərdabi istər bitkilərin, heyvanların və istərsə də insanın əmələ gəlməsində ümummənşə qohumluğu olduğunu göstərərk yazırdı:" Məzkur qatlarda olan heyvanat və nəbatatın şəkillərini mülahizə edəndə məlum olur ki, Yer üzündə əvvəl nəbatat, sonar heyvanat əmələ gəlmiş və hər qonşu qatların heyvan və ələfiyyatı bir-birinə çox oxşayır, amma uzaqda olan qatın sakinlərinə az oxşayır və bir də axırda əmələ gələn heyvanat və nəbatatları bizim zəmanəmizin heyvanat və nəbatatına çox oxşayır.

Amma bunların içində elə heyvan var ki, indiki heyvanların iki qisminə oxşayır. Məsələn, qanadlı kərtənkələ olubdur ki, həm quşa və həm də bizim kərtənkələyə oxşayır. Xülasə, bizim zəmanənin iki qism heyvana oxşayan heyvanların şəkli çoxdur..Bundan belə qiyas etmək olar ki, bizim zəmanədə heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və ələfidən əmələ gəlmişdir.və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstdən insan və onun sümüklərinin ya qeyri hissəsinin şəkli tapılır. Ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur" (Həsən Məlikzadə Zərdabi.Torpaq, su və hava. Bakı, 1912, səh.7).

Həsən bəy mütaliəni çox sevdiyi üçün bilik dairəsi də olduqca çox geniş idi. O, görkəmli elm xadimlərindən əlavə, dünyanın bir çox digər görkəmli alim və təbiətşünaslarının əsərləri ilə yaxından tanış olmuşdur. Yeri gəldikdə Zərdabi onlardan sitatlar gətirir, bəzi məsələlərdə hətta onlara öz tənqidi münasibətlərini də bildirir.

Həsən bəy yaxşı bilirdi ki, kütlələri daha dərindən maarifləndirmək üçün yeni tipli məktəblərə böyük ehtiyac vardır. O, dərk edirdi ki, mövhumat və cəhalətin, nadanlığın, savadsızlığın zehinlərdə möhkəm kök saldığı, elmə həvəs göstərənlərin avam camaat tərəfindən lağa qoyulduğu, lənətləndirildiyi bir şəraitdə yeni tipli məktəblər və dünyəvi elmlər uğrunda açıq mübarizə aparmaq o qədər də asan deyil. Buna görə də o, böyük ümid bəslədiyi gənclərə müraciət edərək, onları elmi biliklərə yiyələnmək üçün elm təhsil etməyə, bu yolda qarşılaşdıqları çətinliklərə, təqib və təzyiqlərə sinə gərməyə, mübariz olmağa, qorxub çəkinməməyə səsləyirdi.

Hələ 70-ci illərdə Zərdabi gənclərə xitab edərək yazırdı: " Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Amma insaf deyil beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarımızı atıb, kor və sərgərdan qoyasınız. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünnas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz, bişək gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq. ("Əkinçi" qəzeti, 1876-cı il, 11-ci sayı).

Həsən bəy Zərdabi əsas diqqətini dünyəvi elmlərə və onları tədris edəcək yeni tipli məktəblərə yetirirdi. O, "Əkinçi" qəzeti səhifələrində qeyd edirdi ki, elmi-əbdan və elmi-ədyan açmaqda məqsədimiz elmi-əbdandan bixəbər olmağımızın səbəblərini və onun əlacını göstərməkdir" Əkinçi" qəzeti, 1877-ci il, 6-cı sayı).

MEDİA Agentliyi

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ