“Türküstan”ın budəfəki müsahibi Şimali Makedoniya Müqəddəs Kiril və Mefodi Universiteti Filologiya Fakültəsi Türk dili və ədəbiyyatı kafedrasının müdiri Prof. Osman Emindir.
- Osman bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycana səfərinizin məqsədi nədir?
– Təşəkkür edirəm. Azərbaycana Bakı Slavyan Universitetinin dəvəti ilə gəlmişəm. Burada yeni yaradılan Balkanşünaslıq kafedrası ilə əməkdaşlıq çərçivəsində mühazirələr oxuyuram. Mövzular Balkan Türklüyü, Balkan Türk ədəbiyyatı, eləcə də Balkanlarla Türk dünyası arasında ədəbi-mədəni əlaqələrə aiddir. Məqsəd Balkan türklərini tanıtmaq, bu istiqamətdə elmi tədqiqatlara və yeni fikirlərə yol açmaqdır.
- Balkanlarda türk olmaq nə deməkdir? Bu milli kimliyin sizə nə kimi təsirləri olmuşdur?
Balkanlarda Türk olmaq tarixin dərin izlərinə sahib olmaq, mədəni bir mirasın içində yaşamaq deməkdir. Balkanlarda türk olmaq həm qürur, həm də məsuliyyət deməkdir. Bu, yüzilliklər boyu Osmanlı mirasının bir hissəsi olmaq, eyni zamanda bəzən öz mədəniyyətini qorumaq uğrunda mübarizə aparmaqdır. Osmanlı İmperiyasının əsrlərcə davam edən hakimiyyətindən sonra bu torpaqlarda yaşayan Türklər, həm keçmişin izlərini, həm də bu günün mücadiləsini davam etdirir. Balkanlarda Türk kimliyi həm milli, həm də dini mədəniyyət daşıyıcısı kimi çıxış edir. Mənəvi baxımdan bu milli kimlik Balkan Türkünün tarixinə, mədəniyyətinə, ədəbiyyatına dilinə, dininə və ailə dəyərlərinə bağlılığını möhkəmləndirir. Fərqli zamanlarda edilən ayrıseçkiliyə, assimilyasiyaya, təzyiqlərə baxmayaraq, Balkan Türkləri öz milli kökünə bağlı, bir o qədər də yaşadıqları ölkələrin bir parçası olmağı bacaran güclü bir toplumdur. Bu baxımdan Balkanlarda Türk olmaq həm qürurvericidir, həm məsuliyyət deməkdir. Həm keçmişə sayğı, həm də gələcəyə ümidlə baxmaq deməkdir. Balkanlarda Türk olmaq eyni zamanda azan səsinin kilsə zənginə qarışdığı fərqli dinlərin və dillərin birlikdə yaşadığı bir coğrafiyada milli kimliyini qoruyaraq var olmaqdır.
- Azərbaycan və Balkan Türklüyü arasında sizcə hansı mədəni ortaq dəyərlər mövcuddur?
- Hər iki bölgədə Türk dili, İslam dini, ailə və qonaqpərvərlik kimi dəyərlər ortaqdır. Musiqi, ədəbiyyat və adət-ənənələrdə də bənzərliklər çoxdur. Məsələn, xalq musiqiləri, Novruz bayramı və dini bayramlar hər iki toplumda qeyd olunur. Həmçinin tarixi yaddaşda Türkçülük və birlik ideyası hər zaman ön plandadır. Hər iki xalqın milli həyat tərzlərini və mədəni dəyərlərini formalaşdıran bu ortaq məqamlar onların tarix boyunca bir-birlərindən təsirləndiklərini göstərir. Azərbaycan və Balkan Türkləri arasında ən önəmli oxşarlıq dildir əlbəttə ki. Hər iki bölgədə də Türk dilinin fərqli ləhcələri istifadə olunur. Azərbaycan Türkcəsi və Balkan Türkcəsi dil baxımından da olduqca yaxındır. Hər iki tərəfin də tarixi köklərə əsaslandığını göstərir, iki tərəfin də mədəni təsirlənmələrinin və eyni dil ailəsinə aid olduqlarını sübut edir.
- Balkan türklərinin Azərbaycana, Azərbaycan türklüyünə münasibətləri necədir?
Balkan türkləri üçün Azərbaycan qardaş deməkdir. Azərbaycan Türklərinə sevgi və hörmətlə yanaşırlar. Xüsusilə Qarabağ müharibəsi və Azərbaycan xalqının müstəqillik mübarizəsi Balkanlarda yaşayan türklərdə həmrəylik və dəstək hissini gücləndirmişdir. Mədəniyyət, dil və din birliyi də təbii olaraq bu münasibəti gücləndirir.
- Balkanlar çoxmillətli bir regiondur. Azərbaycanda da müxtəlif etnoslar yaşamaqdadır. Bu iki model arasında bənzərliklər varmı?
- Bəli, hər iki bölgə çoxmədəniyyətli və çoxetnikli cəmiyyətlərə sahibdir. Balkanlarda olduğu kimi Azərbaycanda da müxtəlif etnik və dini qruplar dinc şəkildə bir arada yaşayırlar. Hər iki modeldə tolerantlıq və mədəni müxtəlifliyin qorunması əsas prinsiplərdən biridir. Bu baxımdan Azərbaycan modeli də, Balkan modeli də birgəyaşayışın nümunəsi kimi dəyərləndirilə bilər.
- Balkan türklüyü və Azərbaycanda İslam dini və Türk kimliyi mədəni dəyərlərdə hansı rolu oynayır?
İslam dini və Türk kimliyi hər iki regionda mədəni dəyərlərin formalaşmasında əsas rol oynayır. Bu kimliklər ailə quruluşu, adətlər, bayramlar və gündəlik həyat tərzində öz əksini tapır. Həmçinin mədəniyyətin qorunması və nəsildən-nəslə ötürülməsində bu iki faktor birləşdirici və istiqamətverici gücdür.
- Balkan türklərində Türk dili və mədəniyyəti gənc nəslə necə ötürülür? Bu prosesdə çətinliklər varmı?
- Qərbli türkoloqlardan Prof.Dr.Annemaria Von Gbain, “Türkologiya xaricilər üçün bir peşədir, amma Türklər üçün milli bir vəzifədir” deyirdi. Bunu əsas alaraq, deyə bilərəm ki, Türk dili, Türklük ilə məşğul olmaq Türklər üçün milli bir vəzifə olmalıdır. Türk dili və mədəniyyəti ailə daxilində, mədəniyyət mərkəzlərində, dərnəklərdə və məktəblərdə tədris olunur. Lakin bu sahədə ciddi çətinliklər mövcuddur - dövlətlərin rəsmi dillərinin üstünlük təşkil etməsi, bəzən assimilyasiya təzyiqləri və gənclərin marağının azalması bu prosesi çətinləşdirir. Xüsusilə dilin gündəlik istifadədən çıxması böyük təhlükə yaradır. «Türk dilinin istifadə olunmadığı torpaqlar əsl Vətəndir! `` Üsküplü Yəhya Kamal Bəyatlının da dediyi kimi, Türk dilinin istifadə olunmadığı yerlər əsl Vətən hesab olunmalıdır. Ömər Seyfəddinə görə, Türklərin Vətənləri milli vətən, dini vətən, fiziki vətən olaraq 3 hissəyə ayrılmalıdır. Krımlı İsmayıl Bəy Qaspıralının da buyurduğu kimi, “Dildə, Fikirdə, İşdə birlik” ideologiyasını davam etdirmək Türk dünyası üçün ən ümdə vəzifədir.
- Balkan Türkü gənci sizcə milli-mədəni dəyərləri qoruyurlarmı?
Bəzi gənclər bu dəyərləri qorumağa çalışır, lakin ümumi mənzərə qarışıqdır. Gənclər arasında milli-mədəni dəyərlərə maraq fərqlidir. Ailə və cəmiyyətin dəstəyi olan bölgələrdə bu dəyərlər qorunur, digərlərində isə assimilyasiya güclüdür. Sosial media və müasir texnologiyalar bu baxımdan həm fürsət, həm də təhlükə rolunu oynayır.
- Sizcə, Balkan türklüyünü Azərbaycanda daha geniş və dərinləməsinə tanıtmaq üçün nələr edilməlidir?
- Ən başlıcası elmi araşdırmalar qarşılıqlı müqayisə və təhlillərlə aparılmalıdır. Mədəniyyət festivalları təşkil oluna bilər. Balkan türklərinə dair akademik konfranslar, kitab nəşrləri təşviq edilməlidir. Gənclər üçün dəyişim proqramları (exchange) yaradılmalıdır. Televiziya və sosial mediada Balkan türkləri barədə maarifləndirici materiallar yayılmalıdır. Azərbaycan universitetlərində Balkan türklüyünə dair dərs proqramları olmalı və tədqiqatlar aparılmalıdır. Azərbaycan və Balkan Türkləri arasında mədəni bənzərliklər, demək olar ki, tarixi təsirlənmələr və ortaq keçmişin təzahürüdür. Dil, musiqi, mətbəx, qonaqpərvərlik və digər milli dəyərlər bu xalqların mədəni yaxınlıqlarını gücləndirən əsas amillərdir. Bir-birlərindən uzaq fərqli coğrafiyalarda yaşamalarına baxmayaraq hər iki tərəf oxşar dəyərlərə əsaslanaraq güclü mədəni əlaqələr quraraq, bu mirası gələcək nəsillərə ötürərək yaşatmağa davam etməlidirlər.
- Hər iki regionda gənclər üçün ortaq mədəni platformların qurulması barədə nə düşünürsünüz?
- Bu çox faydalı və strateji bir addım olardı. Belə platformalar vasitəsilə gənclər ortaq dəyərləri tanıyacaq, bir-birindən öyrənəcək və mədəniyyətlərini birgə inkişaf etdirəcəklər. Rəqəmsal platformalar, mədəniyyət festivalları, ortaq layihələr vasitəsilə bu əlaqə möhkəmləndirilə bilər. Türk dünyasının ortaq mədəni dəyərlərini araşdırmaq, yeni nəsillərə ötürmək və gələcək nəsillər üçün qoruyub saxlamaq, Türklüyə xidmət edən bir Türkün ən ümdə vəzifəsi olmalıdır. Türk dünyası sadəcə coğrafi bir bölgə olaraq deyil, dünyanın dörd bir yanında yaşayan bütün Türk millətini əhatə edən geniş bir mədəni və tarixi birlik olaraq qəbul edilməlidir. Bu anlayışa əsaslanaraq inkişaf etdirilən siyasi əlaqələr əlbəttə ki, çox vacibdir. Lakin heç şübhəsiz ki, mədəni əlaqələrin səviyyəsi də ən az siyasi əlaqələr qədər əhəmiyyətlidir və bu sahədəki əməkdaşlıqlar daha da inkişaf etdirilməlidir. Ortaq tariximizə, dilimizə, adət-ənənələrimizə əsaslan mədəniyyətimizin gələcəyi üçün mədəni fəaliyyətlər daha da genişləndirilməlidir. Türk dünyası üçün verilən qərarlar həyata keçirilməlidir.
- Azərbaycan haqqında nə düşünürsünüz?
- Azərbaycan həm tarix, həm mədəniyyət, həm də müasir inkişaf baxımından örnək bir dövlətdir. Xalqı qonaqpərvər, zəhmətkeş və vətənpərvərdir. Azərbaycan tarixi kökləri, zəngin mədəni təməli ilə və son illərdəki inkişafı ilə sadəcə öz yerləşdiyi coğrafiyada deyil, eyni zamanda bütün Türk dünyasında və beynəlxalq arenada özünəməxsus yer tutmaqdadır. Qədim Türk mədəniyyətinin önəmli bir parçası olan Azərbaycan həm dil, həm din, həm də mədəni dəyərlər baxımından Türkiyə və Balkan Türkləri ilə dərin və güclü bir bağlılığı vardır. Xalqının qonaqpərvərliyi, vətən sevgisi və birlik ruhu, Azərbaycanı sadəcə coğrafi olaraq deyil, mənəvi olaraq da Türk dünyası ilə birləşdirir. Xüsusilə, 1990-cı illərdən bu yana müstəqillik üçün apardığı mübarizə və Qarabağ məsələsində dünyaya qarşı nümayiş etdirdiyi sarsılmaz duruşu və qazandığı tarixi Zəfər Türk dünyası üçün qürurverici bir hadisədir. Eyni zamanda Azərbaycanın yürütdüyü çox mədəniyyətli və tolerantlıq siyasəti, fərqli millətlərin birlikdə sülh içində yaşamalarını mümkün edərkən, müasirləşmək üçün apardığı siyasət onun iqtisadi və diplomatik gücünə güc qatır. Bu baxımdan Azərbaycan Balkan türkləri üçün həm tarixi bir qardaş, həm də strateji bir dost ölkə mövqeyindədir. Ortaq miras, ortaq inanc, ortaq mədəniyyət və ortaq gələcək idealı bu əlaqələri hər gün daha da gücləndirməkdədir. Son olaraq isə Azərbaycanlı tələbələrə bir çağırışım olacaqdır. Balkan Türklüyünü yaxından tanıyın! Azərbaycanda təhsil alan gənclərə, Türk dünyasının vazkeçilməz bir parçası olan Balkan coğrafiyasındakı Türk toplumlarını araşdırın deyirəm. Çünki Balkanlarda əsrlərcə milli kimliyini qoruyub saxlayan Türklər dillərini, adət-ənənələrini və milli kimliklərini qoruyaraq zəngin mədəni miras qurmuşlar. Azərbaycanlı gənclərin bu mirası yaxından tanımaları, elmi tədqiqatlara cəlb etmələri lazımdır. Hər bir Azərbaycanlı gənc Balkanlardakı Türk qardaşını tanımalı, tarixi, mədəni, milli ortaq dəyərlərin fərqində olmalıdır.
Bəxtiyar Səlimov/ “Türküstan”
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur