Anklavlarla bağlı iki fərqli baxış: Referendum, yoxsa mübadilə?


Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndin geri qaytarılması digər məsələləri aktuallaşdırıb. II Qarabağ müharibəsindən və lokal antiterror tədbirlərindən sonra Azərbaycanın 8 kəndi Ermənistanın nəzarətində idi. Son razılaşma ilə Qazaxın anklav olmayan 4 kəndi təhvil verilir. Naxçıvanın anklav olan Kərki kəndi və Qazaxın 3 kəndinin hansı şərtlər əsasında həlli ilə bağlı isə fərqli yanaşmalar var.

Mövzu ilə bağlı Teleqraf com-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov anklav kəndlərlə bağlı bu günə qədər səslənən fikirlərin heç bir əsası olmadığını söyləyib.

O hesab edir ki, anklav kəndlər delimitasiya prosesi nəticəsində deyil, tarixi faktorlar müstəvisində həllini tapmalıdır:

“Burada heç bir ərazi müdadiləsindən söhbət gedə bilməz. Sadəcə olaraq anklav olan kəndlərin əhatəsində olan tarixi Azərbaycan torpaqları azad olunmalıdır. Çünki bu tarixi Azərbaycan torpaqları vaxtilə qanunsuz olaraq 1929-cu ildə ermənilərə verilib. Azərbaycan tərəfinin tam ixtiyarı var ki, buna aid danışıqlar apararaq indiki reallıqları tanımadığını bəyan etsin. Azərbaycanın ədaləti mövqeyinə erməni tərəfinin yox demək imkanı qalmır. Bununla bağlı hər hansı bir sənədi də masaya qoymağa ehtiyac yoxdur”.

Sabiq nazir bildirib ki, Azərbaycanın bir çox əraziləri qanunsuz olaraq ermənilərə verilib və bu gün onları geri qaytarmaq lazımdır:

“1991-ci ilin sərhədlərini Ermənistan tərəfi pozdu. Ona görə də, heç bir əsasla sərhəd xəttindən danışmaq olmaz. Vaxtilə Azərbaycan xalqının razılığı alınmadan ermənilərə verilən torpaqlar da bu əsasda geri qaytarılmalıdır. Anklavlar məsələsi də məhz bu kontekstdə həllini tapacaq. Sözsüz ki, qarşı tərəf buna heç də müsbət yanaşmayacaq. İndiyə qədər Ermənistan Azərbaycan torpaqlarının işğal, təcavüz faktını heç də asanlıqla qəbul etmədiyi kimi buna da qarşı çıxacaq. Onlar indiyə kimi nəyi asanlıqla qəbul ediblər ki?.. Ermənilərin istəyinə qalsa idi Bakının tən ortasında sərhəd xətti çəkərdilər. Ona görə də, hər erməninin sözü ilə bu məsələləri həll etmək olmaz”.

Siyasi şərhçi Asif Nərimanlıya görə, anklavlarla bağlı məsələlərin həlli üçün iki variant gündəmə gətirilir:

“Burada ərazilərin mübadiləsi daha çox gündəmə daşınır. Çünki dəhlizlərin verilməsində problemlər var. Bunu əsas gətirərək ərazilərin qarşılıqlı mübadiləsinə ehtiyacın olduğu əsaslandırılır. Əgər Naxçıvanın Kərki və Qazaxın anklav olan 3 kəndi geri qaytarılarsa, Ermənistanın əsas magistral yolları Azərbaycan Ordusunun nəzarətinə keçmiş olur. Ermənistan ərazilərin mübadiləsini də məhz bu şərtlərə görə istəyir. Fakt isə odur ki, burada hər hansı ərazi dəşikliyi məsələsinin olması referendumla verilən qəarardır. Ərazi dəyişikliyi ölkənin ana qanununda, konstitusiyasında göstərilir. Bunun referendumla necə həll olunacağı da maraqlıdır”.

Asif Nərimanlı hesab edir ki, Azərbaycan sərhəd məsələsinə çox həssas və təmkinli yanaşır:

“Bakının mövqeyi tarixi prinsiplər əsasında sərhədlərin dəqiqləşməsini ehtiva edir. Eyni zamanda ərazilərin mübadiləsinin iqtisadi-siyasi həlli yolları da nəzərdən keçirilə bilər. Ermənistanın hansısa iqtisadi layihələrə qoşulması fonunda bu məsələlərin həllinə dair ümidlər yaranar. Sözsüz ki, burada ən konseptual yanaşma proseslərin axarına uyğun verilən qərarlardan ibarət olacaq”.


MANŞET XƏBƏRLƏRİ