Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatının döyüşçüləri “Galaxy Leader” yük gəmisini Ədən körfəzində ələ keçiriblər. İsrail husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” gəmisinin ona məxsus olmadığını açıqlayıb.
“Bu, Türkiyəni tərk edən və israillilərin olmadığı beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir. Bu, İsrail gəmisi deyil”, – bildirilib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, sözügedən məsələ, doğrudan da, ciddi hadisədir:
“Türkiyə məsələyə münasibət bildirməyib, ona görə də konkret nə isə demək çətindir. Müxtəlif versiyalar mümkündür. Bəyanatlara əsasən vəziyyəti təhlil etmək doğru olmaz. Çünki səslənən fikirlər hər şeydən əvvəl manipulyasiyaya cəhdidir.
Kənan Novruzov
Əlbəttə, Türkiyə ilə bağlı iddianın gerçək olması da mümkündür. Belə ki, Türkiyə Yaxın Şərqdəki vəziyyətlə bağlı konkret mövqe ortaya qoyur. Bu, İsraili narahat edir. İsrail Türkiyənin neytrallığına nail olmaq üçün əlindən gələni etməyə hazırdır. Bunun üçün ABŞ-ın dəstəyi də mümkündür. Yəqin ki, oxşar cəhdlər bundan sonra da davam edəcək.
Müharibənin yaxın gələcəkdə başa çatacağını düşünmürəm. Bu, regional savaş deyil, dünyada gedən xaosun tərkib hissəsidir. Başqa sözlə desək, Yaxın Şərqdəki müharibə “Böyük şahmat taxtası”nın kiçik bir hissəsidir”.