ABŞ-ın Massaçusets Universitetinin (Amherst) fizikləri qara dəliyin partlamasının yaxın on il ərzində baş vermə ehtimalının 90%-dən yüksək olduğunu açıqlayıblar.
Turkustan.az xəbər verir ki, bu barədə alimlərin araşdırması nüfuzlu Physical Review Letters (PRL) jurnalında dərc olunub.
Söhbət hələ mövcudluğu elmi cəhətdən təsdiqlənməmiş ilkin qara dəliklərdən (İQD) gedir. Adi qara dəliklərdən fərqli olaraq, İQD-lərin 13,8 milyard il əvvəl Böyük Partlayışdan dərhal sonra — saniyənin ilk hissələrində — formalaşdığı ehtimal olunur.
Məşhur fizik Stiven Hokinqin nəzəriyyəsinə əsasən, bu cür obyektlər “Hokinq şüalanması” adlanan radiasiya yayaraq zamanla kütlələrini itirir və ömrünün sonunda partlayışla məhv olurlar.
“Qara dəlik nə qədər yüngül olarsa, bir o qədər isti olur və daha çox hissəcik yayır. Nəhayət, bu proses idarəolunmaz hal alır və partlayışla nəticələnir,” - deyə araşdırmanın həmmüəllifi, Massaçusets Universitetinin dosenti Andrea Tamm bildirib.
Əvvəllər bu cür partlayışların son dərəcə nadir - təxminən 100 min ildən bir baş verdiyi düşünülürdü. Lakin tədqiqatçılar İQD-lərin “qaranlıq elektrik yükü” daşıya biləcəyini nəzərə alan yeni model irəli sürüblər. Bu halda qara dəliklər daha uzun müddət mövcud ola bilər və partlama ehtimalı da artır.
“Biz göstərdik ki, müəyyən şərtlər daxilində İQD-nin partlamasını müşahidə etmək ehtimalı olduqca yüksəkdir. Bu isə o deməkdir ki, belə bir hadisəni qarşıdakı on il ərzində görmək şansımız 90%-ə yaxındır,” - deyə araşdırmanın digər müəllifi Maykl Beyker vurğulayıb.
Əgər astronomlar Hokinq şüalanmasını qeydə ala bilsələr, bu ilkin qara dəliklərin və onların partlayışlarının mövcudluğuna dair ilk birbaşa sübut olacaq. Bundan əlavə, bu proses kainatda mövcud olan bütün hissəciklərin — elektron və kvarklardan tutmuş qaranlıq materiya namizədlərinə qədər “kataloqunun” hazırlanmasına imkan verəcək.
“Bu, fizikanı tamamilə dəyişəcək və kainatın tarixini yenidən yazacaq bir hadisə ola bilər,” - deyə tədqiqatın digər müəllifi, postdoktorant Xoakim İqus Xuan qeyd edib. /Publika.az/