Kürəyə banka qoydurmağın hansı fəsadları var? – Professordan XƏBƏRDARLIQ


Son aylar insanlar arasında boğaz, əzələ ağrısı, burun tutulması, yüksək hərarətlə müşayiət olunan xəstəlik yayılıb. Tez-tez yayılan bu cür viruslardan yaxa qurtarmaq üçün insanlar müxtəlif müalicə üsullarından istifadə edir. Xəstəxanalara müraciət edib, iynə-dərmandan istifadə edənlərlə yanaşı türkəçarəyə üz tutanlar da az deyil.

Bunların içərisində xəstəni bankalayaraq sağaltmaq üsulu hələ də öz aktuallığını qoruyur. Lakin bu üsulun həmişə effektiv olmadığı, müəyyən zərərlərinin olduğu da istisna edilmir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu barədə Bizim.Media-ya danışıb.

O, xalq arasında yayılan bəzi müalicə üsullarının elmi təsdiqinin olduğunu deyib:

“Hazırda soyuqdəymə xəstəlikləri adı altında yayılan xəstəlik dedikdə çox saylı virus infeksiyaları, yuxarı tənəffüs yollarının iltihabı və s. nəzərdə tutulur. Yəni burada konkret bir xəstəlikdən söhbət getmir. Bunu xaricdə soyuqdəymə xəstəliyi adlandırırlar. Burada müxtəlif infeksiyaların, qripdən tutmuş adenoviruslardan söhbət gedə bilər.

Soyuqdəymə zamanı xalq arasında artıq təsdiqini tapan, sınaqdan keçmiş istifadə edilən xeyli üsullar var. Bunlar türkəçarə adlanan elmi əsası olan xaıq təbabaətinin bir hissəsidir. Həmçinin, soyuqdəymə əleyhinə müəyyən maddələr, mürəbbələr, ev şəraitində hazırlanmış konservləşdirilmiş ərzaqlardan istifadə edilir. O cümlədən də bankadan”.

Professor hesab edir ki, bədəni bankalamaqla müalicəyə alışdırmaq lazım deyil:

“Banka qoyan zaman nə baş verir? Banka qoyulan yer içəri dartılır, durğunluq nəticəsində qan damarlarından dərialtı toxumaya qan sızır. Orada bir hematoma yaranır, sonra yavaş-yavaş bədənə sovrulur və stimulyasiya verir.

Amma buna öyrəşmək lazım deyil. Bəzi adamlar buna öyrəşir, sonra hər xırda şeydən ötrü banka qoyurlar. Buna da göstərişlər olmalıdır, heç bir müalicə metodu tam məsul deyil. Onun da ağırlaşmaları ola bilər, ürəyində problem olan, infarkt keçirənlərə və başqa problemləri olan şəxslərə ziyanlı təsir göstərə bilər.

Tibbdə hər şeyi həll edən üsul yoxdur. Müasir tibbi üsullardan istifadəyə daha çox meyillənmək lazımdır”.


MANŞET XƏBƏRLƏRİ