“Baku Medical Plaza”da tanınmış həkimin əmisini İFLİC ETDİLƏR


Məlum olduğu kimi, artıq bir neçə gündür sosial şəbəkələrdə “Baku Medical Plaza” xəstəxanasının uzman neyrocərrahı Tural Hidayətovun əməliyyat etdiyi 67 yaşlı xəstə Knyaz Eminovun iflic olması müzakirələrə səbəb olub. Yaxınları xəstənin əməliyyatından sonra yaranan fəsada görə həkimi ittiham edirlər.

Turkustan.az bildirir ki, ötən gün “Qafqazinfo”ya açıqlama verən Tural Hidayətov isə əməliyyatın fəsadsız keçdiyini, əməliyyatdan sonra xəstədə hemiparezin (sağ tərəfin qüvvətsizliyi) formalaşdığını vurğulayıb.

Onun sözlərinə görə, buna səbəb əməliyyat sırasında görülməyən millimetrik damarların tromboz ve ya spazma getməsidir. Bu növ anevrizmalarda bu cür infarktlar yarana bilər, lakin əksər hallarda fizioterapiya ilə 3-6 ay ərzində bərpa olurlar.

Həkim xəstənin beynəlxalq protokola uyğun əməliyyat olunduğunu və yaxınlarına əməliyyat riskləri ilə bağlı məlumat verildiyini qeyd edib. O, həmçinin pasiyentin iki həmkarının yaxını olması səbəbindən xəstəxana xərcləri xaric, əməliyyata görə ödəniş alınmadığını söyləyib.

Bu gün isə sözügedən xəstənin qardaşı oğlu, tanınmış həkim, onkoloq-mammoloq Niyazi Eminov sosial şəbəkə hesabında məlum hadisə ilə bağlı paylaşım edib. O, bu tip əməliyyatlarda belə risklərin olduğunu, lakin həkimlərin xəstə yaxınlarını əvvəlcədən, onların başa düşəcəyi dildə risklərlə bağlı məlumatlandırmalı olduğunu qeyd edib:

“Əmim iş yerində bayılmışdı. Dostumuz uzman doktor Xəyyam Eyvazova yönləndirdik, nevroloji defisiti yox idi, yəqin şəkəri düşüb deyə düşündük. Xəyyam doktor beynin MRT-sini çəkdirdi, dostumuz uzman doktor Eldəniz Hüseynov təlaşla mənə zəng elədi, əmimdə rüptüre - anadangəlmə beyin anevrizması aşkarlanmışdı. Şansından subaraxnoidal boşluğu qanamamışdı, heç nə olmamış kimi ayaq üstə gəzirdi. Növbəti addımda digər dostumuz uzman doktor Ağakişi Yəhyayevə qaçdıq. Dedi ki, intramural trombu var, intravaskulyar müdaxilə olunsa, insult keçirmə ehtimalı var, açıq əməliyyat olunsa, yaxşıdır. Başqa invaziv radioloqlarla da danışdıq, bir qismi “edilə bilər”, bir qismi isə “açıq olunsa, yaxşı olar, nevroloji defisit olmaz” dedilər. Açığı, biz Ağakişi doktora güvəndik, çünki o hamıdan daha təcrübəli idi bu mövzularda, Azərbaycanın ilk uzman invaziv radioloqudur, illərin həkimidir. İstəmirdik, nevroloji defisiti olsun, riskə atmadıq, açıq üsul qərarı verdik. Onun da tövsiyəsi ilə digər dostlarımız olan uzman Tural doktora müraciət etdik. Bizi səmimi, candan qarşıladılar, ürək-dirək verdilər, əməliyyata hazırladılar. Risklər haqqında yaxınlarıma ayrıntılı, özəl bilgi verilmədi, mənim anladığım, açıq əməliyyatda da insult riski olduğu deyilməmişdi, yəqin ki... Ya da biz anlaya bilməmişdik deyilənləri. Amma imzalanan “onam formunda” hamısı müfəssəl yazılıb, görürəm”.


MANŞET XƏBƏRLƏRİ