Zəhərli zobu qurbağa ilə müalicə etmək olur? - Həkimdən AÇIQLAMA


Rəqqasə Fatimə Fətəliyeva qurbağa ilə ağır xəstəlikdən xilas olduğunu bildirib. Sənətçi “Gün ortası” verilişində zəhərli zobdan əziyyət çəkdiyini, sonda türkəçarə yolla tamamilə müalicə olunduğunu açıqlayıb: “Mənə dedilər, ömürlük dərman içəcəksən. Qarşıma bir nəfər çıxıb dedi ki, səni dərmansız müalicə edəcəyəm. Beş qurbağa boğazımda öldü. Qurbağaya görə dərmansız zəhərli zobdan xilas oldum”.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən endokrinoloq Aytən Babaxanova deyilənləri cəfəngiyat adlandırıb: “20 ildən artıq təcrübəm var. Ən ağır xəstələrlə işləmişəm. Qurbağa prosedurundan sonra da pasiyentlər gəlib. Ancaq qurbağa ilə bağlı hansısa araşdırma yoxdur. Bəlkə də xanımda zəhərli zob deyil. O qədər pasiyent bu diaqnozla gəlir, müayinədən sonra görürsən belə deyil. Bəzən analizlər yanlış olur. Dünyada milyonlarla insanın üzərində aparılan tədqiqatlar var. Qurbağa ilə bağlı tədqiqat heç yoxdur”.

A.Babaxanova qeyd edib ki, zəhərli zob qalxanvari vəzinin fəaliyyətinin yüksəlməsi ilə baş verən xəstəlikdir: “Yəni qalxanvari vəzin fəaliyyəti artır. Əslində bu o demək deyil ki, orada zəhər ifraz olunur. Sadəcə, qalxanabənzər vəzin hormonları ifrat dərəcədə artır. Buna el arasında tirotoksikoz, zəhərli zob deyirlər. Əslində isə hipertiroidizmdir. Bu zaman əllərdə əsmə, ürək döyüntüsü, gözün bərəlməsi, emosionallığın artması, əsəbilik, mübadilənin pozulması və s. kimi hallar müşahidə edilir. Müalicəsi dərmanlarla, radioaktiv yodla və ya cərrahi üsulla aparılır”.


MANŞET XƏBƏRLƏRİ