Azərbaycan vətəndaşı xarici orduda döyüşə bilərmi? Cinayət Məcəlləsi nə deyir...


Rusiya–Ukrayna müharibəsi ilə bağlı narahatedici məlumatlar yayılmaqdadır. Bildirilir ki, bəzi Azərbaycan vətəndaşları Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşlərə cəlb olunub. Onların bir qismi Rusiya vətəndaşı olsa da, miqrant kimi Rusiyada yaşayan və həssas vəziyyətdə olan azərbaycanlıların bu müharibəyə məcbur edildiyi də iddia olunur.

Daha ciddi məqam isə budur ki, döyüşlərə cəlb edilənlər arasında 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycan qazilərinin də olduğu barədə məlumatlar var. Bu hal cəmiyyətdə ciddi narazılıq və narahatlıq doğurur.

Belə olan halda Azərbaycan Respublikası vətəndaşı xarici dövlətin silahlı qüvvələrinin tərkibində, xüsusilə də müharibə və silahlı münaqişədə iştirak edərsə, bu hal Azərbaycan Cinayət Məcəlləsi üzrə cinayət məsuliyyəti yaradırmı?

ALOVSET.jpg (74 KB)

Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, bu müəsuliyyətin müəyyən olunması üçün tam hüquqi əsaslar var:

"Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmayıblarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Söhbət muzdluluqdan gedirsə, Cinayət Məcəlləsinin 114.3-cü maddəsi iştirakla bağlı cinayət məsuliyyətini müəyyən edir. Həmin maddəyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İstər miqrant kimi cəlb olunanlar, istərsə də 44 günlük Vətən müharibəsi iştirakçılarının iştirakı, heç bir fərqi yoxdur, bütün hallarda məsuliyyət qaçılmazdır.

Məsələ burasındadır ki, muzdlu cəlb etmə müharibə aparan bütün dövlətlərin praktikasında var. Əslində muzdluları cəlb edən dövlət beynəlxalq hüquq baxımından məsuliyyət daşıya bilər. Lakin bu məsuliyyət avtomatik deyil və cəlbetmənin forması, dövlətlə əlaqə dərəcəsi və sübutlar həlledicidir.

1977-ci il I Əlavə Protokol, 47-ci maddəyə (Cenevrə Konvensiyaları) görə, muzdlulara kombatant və hərbi əsir statusu verilmir. BMT-nin 1989-cu il Muzdlulara qarşı Konvensiyasına görə, muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi və istifadə edilməsi cinayət kimi tanınır. Konvensiya yalnız ratifikasiya edən dövlətlər üçün məcburidir".

Hüquqşünas bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının muzdluluğa qarşı sanksiya və siyasətini sərtləşdirməsi hüquqi baxımdan mümkündür və mövcud normativ baza buna imkan verir:

"Azərbaycan Cinayət Məcəlləsinin 114-1-ci maddəsi muzdluluğu ayrıca cinayət tərkibi kimi müəyyən edir, 12-ci maddə isə Azərbaycan vətəndaşlarının cinayəti xaricdə törətməsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməsinə hüquqi əsas yaradır. Bu, dövlətə xarici silahlı münaqişələrdə iştirak edən şəxslərə münasibətdə daha fəal və prinsipial mövqe tutmaq imkanı verir.

Sanksiyaların sərtləşdirilməsi yalnız cəzanın ağırlaşdırılması ilə məhdudlaşmır. Dövlət muzdluluq anlayışının şərhini genişləndirə, maddi maraq anlayışına təkcə pul deyil, sosial təminat, vətəndaşlıq və ya hüquqi imtiyaz vədlərini də daxil edə, habelə xarici müharibələrdə iştirak faktını ağırlaşdırıcı hal kimi normativ şəkildə təsbit edə bilər.

Eyni zamanda hüquq-mühafizə orqanları üçün vahid istintaq və təqib meyarlarının formalaşdırılması da siyasətin sərtləşdirilməsi hesab olunur.

Xarici ölkələrdə müharibəyə cəlb olunan şəxslərin muzdluluğa görə cinayət məsuliyyəti daşıması isə avtomatik deyil və hər bir hal ayrıca hüquqi qiymətləndirmə tələb edir. Əgər şəxs maddi maraq müqabilində, rəsmi hərbi qulluqçu statusu olmadan və iradə azadlığı şəraitində döyüş əməliyyatlarında iştirak edibsə, bu halda muzdluluq tərkibi formalaşa bilər və cinayət məsuliyyəti yaranır. Xüsusilə qeyri-rəsmi silahlı birləşmələrdə iştirak edənlər və döyüş təcrübəsinə görə seçilən şəxslər üçün bu risk daha yüksəkdir.

6jQaIK7hQKaPSfVJ9DI4qlgxPl9u0RcGmu07G4mL_825.jpg (147 KB)

Bununla yanaşı, miqrant statusunda olan və real təzyiq, hədələmə və ya məcburiyyət altında döyüşlərə cəlb edilən şəxslər baxımından vəziyyət fərqlidir. Belə hallarda iradə azadlığının məhdudluğu, sosial və hüquqi həssaslıq cinayət məsuliyyətini istisna edə və ya əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.

44 günlük müharibə veteranlarının xarici münaqişələrə cəlb edilməsi isə hüquqi cəhətdən muzdluluq riskini artırsa da, onların sosial vəziyyəti və psixoloji faktorlar yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır.

Nəticə etibarilə, Azərbaycan dövləti muzdluluğa qarşı siyasətini və sanksiyalarını sərtləşdirə bilər, bu hüquqi baxımdan əsaslandırılmış addımdır. Lakin bu proses fərdi məsuliyyət prinsipinə, sübutetməyə və humanitar yanaşmaya söykənməli, avtomatik və ümumi cəzalandırma modelinə çevrilməməlidir".

Əlövsət Allahverdiyev deyib ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin silahlı qüvvələrinin tərkibində, xüsusilə də müharibə və silahlı münaqişə şəraitində iştirak etməsi müəyyən hallarda Azərbaycan Cinayət Məcəlləsi üzrə cinayət məsuliyyəti yarada bilər:

"Bu məsələ avtomatik xarakter daşımır və iştirakın hüquqi mahiyyəti, məqsədi və forması əsas meyar kimi çıxış edir. Azərbaycan Cinayət Məcəlləsi muzdluluğu ayrıca cinayət tərkibi kimi tanıyır. Əgər şəxs maddi maraq müqabilində, rəsmi hərbi qulluqçu statusu olmadan və Azərbaycan Respublikasının maraqlarından kənar şəkildə silahlı münaqişədə iştirak edirsə, bu hal muzdluluq kimi qiymətləndirilə və cinayət məsuliyyəti yarada bilər.

Eyni zamanda Cinayət Məcəlləsinin müddəalarına əsasən, Azərbaycan vətəndaşı cinayəti xarici dövlətdə törətsə belə, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilə bilər.

Bundan əlavə, əgər xarici dövlətin silahlı qüvvələrinin tərkibində iştirak Azərbaycan Respublikasının təhlükəsizliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərlə əlaqədardırsa, bu, dövlətə xəyanət kimi tövsif oluna bilər və daha ağır cinayət məsuliyyəti yaradar. Belə hallarda iştirakın hansı dövlətin maraqlarına xidmət etməsi və onun nəticələri xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, xarici dövlətin rəsmi silahlı qüvvələrində müqavilə əsasında xidmət edən və həmin dövlətin vətəndaşı olan şəxslər üçün məsuliyyət məsələsi fərqli qiymətləndirilə bilər. Habelə real məcburiyyət, təzyiq və ya seçim azadlığının olmaması sübuta yetirilərsə, bu amil cinayət məsuliyyətini istisna edə və ya yüngülləşdirə bilər.

Beləliklə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin silahlı qüvvələrinin tərkibində müharibə və ya silahlı münaqişədə iştirakı ümumi qaydada qadağan olunmuş davranışdır və bir sıra hallarda cinayət məsuliyyəti yaradır. Lakin hər bir konkret vəziyyət üzrə hüquqi qiymətləndirmə fərdi qaydada aparılmalı, iştirakın hüquqi statusu, motivləri və faktiki şəraiti nəzərə alınmalıdır".


MANŞET XƏBƏRLƏRİ