Dabaq xəstəliyi ət bazarını çökdürdü - Bəs nə yeyək?


Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər ət bazarında ciddi narahatlıq yaradıb. Virusun iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında sürətlə yayılması, insanlara keçmə ehtimalının az olmasına baxmayaraq, vətəndaşların inamını zədələyib.

Bir çox insan artıq ət almır, ya da yalnız etibar etdiyi qəssablardan məhsul götürür. Bu isə həm satışa, həm də insanların gündəlik qidalanmasına təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bədən üçün zəruri olan protein və dəmir kimi maddələri yalnız ət deyil, başqa qidalarla da təmin etmək mümkündür. Diyetoloqların fikrincə, ət yemədən də balanslı qidalanmaq mümkündür. Bunun üçün menyuda bəzi məhsullara üstünlük vermək məsləhətdir.

Ekspertlərin sözlərinə görə, ət birdən-birə tamamilə menyudan çıxarıldıqda orqanizmdə dəmir və B12 vitamini çatışmazlığı yarana bilər. Ona görə də bu məhsulların yerinə tədricən alternativlər daxil edilməli, xüsusən uşaqlar və yaşlılar mütləq həkim və ya diyetoloq nəzarətində qidalanmalıdırlar.

Dabaq xəstəliyinə görə ət bazarında yaranan durğunluq hələ bir müddət davam edə bilər. Lakin bu, insanların sağlam və balanslı qidalanma imkanlarını məhdudlaşdırmır. Əsas məsələ təhlükəsiz qida seçimi və düzgün alternativlərin istifadəsidir.

“Yeni Sabah” əti əvəzləyəcək ən yaxşı məhsulları təqdim edir:

Yumurta - tam zülal tərkibinə görə ətə ən yaxın məhsuldur.

Balıq - xüsusilə qızılbalıq, skumbriya və kilkə həm protein, həm də Omega-3 mənbəyidir.

Paxlalılar (noxud, mərci, lobya) - bitki mənşəli zülalın əsas qaynağıdır, dəmir və B vitaminləri ilə zəngindir.

Süd məhsulları (pendir, kəsmik, yoqurt) - orqanizmin kalsium və zülal ehtiyacını ödəyir.

Qoz-fındıq və digər çərəzlər - zülal, sağlam yağ və lif baxımından dəyərlidir.


MANŞET XƏBƏRLƏRİ