Müəllimlər üçün “böyük gün” yaxınlaşır: Kütləvi şəkildə müsabiqədən kəsilə bilərlər


Ölkədə bir neçə ildir ki, tətbiq edilən sertifikatlaşdırmadan 40 mindən çox müəllim keçib.

2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmada iştirak edəcək.

Son sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunur. Bu il isə riyaziyyat-informatika, xarici dil (ingilis, rus, fransız, alman), tarix və coğrafiya fənlərindən dərs deyən müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar.

2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi də artıq açıqlanıb. Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin məlumatına görə, suallarla bağlı dəyişiklik yoxdur. Burada 60 sualdan 50-si ixtisas, 10-u isə metodika və pedaqogika üzrə təqdim olunacaq. Rus dili və ədəbiyyatı fənni üzrə sualların 30-u dil, 20-si ədəbiyyat, 10-u metodika və pedaqogikadan düşəcək. Fənlər üzrə suallar asan, orta və çətin olmaqla üç kateqoriyaya bölünəcək. Fəaliyyət dövrünün beş ili tamam olmuş müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaqlar.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 2024-cü ildə keçiriləcək sertifikasiya imtahanlarının vaxtına əsasən Xarici dil (İngilis, rus, fransız, alman) - may ( I zona) və iyun ( II zona) ayında təşkil olunacaq. Qeyd edək ki, son günlər növbəti sertifikasiya prosesinin müəllimlər üçün çətin olacağı barədə fikirlər səslənir.

Xatırladaq ki, ötən sertifikasiya prosesində 743 müəllimim bu prosesdə uğur qazana bilmədiyi üçün fəaliyyətinə xitam verilmişi.

Hazırda isə daha çətin fənləri tədris edən müəllimlərin sertifikasiyaya cəlb olunması bu prosesdən uğur qazanmayanların da sayının çox olacağını göstərir. Bu isə həmin fənləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müasir tədris metodları ilə uyğun olmaması ilə əlaqələdirilir.

Doğrudanmı, növbəti sertifikasiya prosesi müəllimlər üçün daha çox çətinliklər yaradacaq?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, Azərbaycan təhsil sistemində 150 min müəllim çalışır, onların bilik və bacarıqları 2014-2018-ci illərdə diaqnostik imtahan vasitəsilə yoxlanılmışdı:

“Məlum oldu ki, məktəblərdə kifayət qədər müəllim var, özünün ixtisası ilə bağlı geniş biliklərə malik deyil. Bu, əlbəttə ki, təhlükəli məsələdir. Hazırda ən vacib olan məsələ odur ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlər öz ixtisasları üzrə minimum bilik və bacarıqıara mailk olmalıdır. Bu gün Azərbaycan şagirdi orta ümumtəhsil məktəbində əldə etməli olduğu biliyi çox təəssüf ki, repetitordan, hazırlıq kurslarından əldə edir”.

Ekspert deyib ki, bunun bir neçə səbəbi var:

“Ən vacib səbəblərdən biri kimi müəllimlərin bilik və bacarıqlarının kifayət qədər aşağı olması təsir göstərir. Sertifikasiya müəllimləri öz üzərində işləməyə sövq edən bir prosesdir. Bizim ümumtəhsil məktəbərində müəllimlər öz ixtisasları ilə bağlı ciddi şəkildə oxumalı, hazırlaşmalıdırlar. Ona görə sertifikasiya uğurlu və yaxşı bir prosesdir. Ümumilikdə biz buraxılış imtahanlarının nəticələrini təhlil etdikdə görürük ki, nəticələr zəifdir. Ona görə zəifdir ki, müəllimlərin bilikləri zəifdir. Yəni müəllimin nəticəsi öyrətdiyi şagirdin nəticəsi ilə bilavasitə bağlıdır. Heç bir şagirdin nəticəsi müəllimin biliyindən artıq ola bilməz. Ona görə də bizim gözləntimiz riyaziyyat və xarici dil müəllimlərinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni ilə müqayisədə kütləvi olaraq müsabiqədən keçməməsi ehtimalı daha çoxdur”.

Ekspertin sözlərinə görə, bu müəllimlər daha çox praktik bacarıqlara yiyələnməlidirlər:

“Bizim gözləntilərimiz var. Bu müəllimlər öz üzərlərində hazırlaşmalıdırlar, hələ bir neçə ay vaxt var. Ümumilikdə sertifikasiya prosesi Azərbaycan təhsilinin inkişafına, təhsilverənlərin bilik və bacarıqlarının artmasına gətirib çıxaracaq. Müəllimlər öz üzərində işləməli, çalışmalıdırlar. Sertifikasiyanın 5 ildən bir keçirilməsi yaxşıdır ki, müəllimlər təkmilləşəcəklər. Ancaq birmənalı şəkildə riyaziyyat və infilis dili müəllimlərinin bilik və bacarıqları çox təəssüf ki, müasir dövrdən geri qalır. Xarici dil müəllimləri innovativ yenilikləri tətbiq eləmirlər. Məsələn, bizim hazırda orta məktəblərdə müəllimlərimizin tətbiq etdiyi metodlar və qaydalar XVIII-XIX əsrin materiallarıdır. Xarici dilin tədrisi ilə bağlı XX əsrə gəlib çata bilməmişik. Yəni öyrənmə üsulları, praktik bacarıqlar kimi məsələlərlə bağlı hələ də geridəyik. Hesab edirəm ki, birmənalı şəkildə xarici dildə müasir innovativ yenilikləri tətbiq etməliyik. Ona görə də sertifikasiya xüsusilə də ingilis dili ilə bağlı müəllimlərin bilik və bacarıqlarını, müasir innovativ yenilikləri tətbiq etməyə imkan verəcək”.


MANŞET XƏBƏRLƏRİ