Aylıq 450 manat alacaq tələbələrlə bağlı VACİB XƏBƏR


Milli Müdafiə Universiteti 2024–2025-ci tədris ili üçün Hərbi Kollecə tələbə qəbulunu davam etdirir. Milli Müdafiə Universitetinin Hərbi Kollecində təhsil alacaq kursantların özlərinə 100, ailə üzvlərinə 200, tələbələrin fərdi hesabına isə 150 manat məbləğində ödəniş olunacaq. Bu qərar hərbi sahədə ixtisaslı kadrların yetişdirilməsi və bu sahədə təhsilin keyfiyyətinin artırılması üçün qəbul edilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Azər Bayramov bildirib ki, kollecdə təhsil alan kursantlar müxtəlif hərbi ixtisaslar üzrə peşəkar kadr kimi yetişdiriləcək. Ekspert nəzərdə tutulan ödənişlərin bir növ həvəsləndirici funksiya daşıdığını qeyd edib:

“Məlum olduğu kimi, bizdə hərbi sahədə ordu quruculuğu əvvəllər sovet modelinə uyğun tətbiq edilirdi. Bu kollecin əsas məqsədi ondan ibarətdir ki, konkret ixtisaslar üzrə hərbi qulluqçular peşəkarlaşsın. Tutaq ki, hansısa hərbçi zirehli texnika üzrə məşğul olacaqsa, həmin ixtisas üzrə də formalaşacaq. Bu isə keyfiyyətin artırılmasına xidmət edir. Hazırda Azərbaycan Ordusu Türkiyə ordusu və NATO standartlarına keçir. Kollecə qəbul olan kursantların özlərinə və ailələrinə təqaüd və ödənişlərin verilməsi onların sosial rifahının yaxşılaşdırlması istiqamətində atılan addımdır. Hesab edirəm ki, bu addım bir çox aspektdən baxdıqda keyfiyyətli və peşəkar kadrların yetişdirilməsi üçün hesablanıb”.

Azər Bayramov sözügedən addımın nəticələrinin yaxın 4-5 ildə özünü göstərəcəyini bildirib:

“Bundan öncə də müddətdən artıq xidmət edən hərbi qulluqçular üçün gizir kursları fəaliyyət göstərirdi. İndi qəbul şərtlərinin səviyyəsi qaldırlacaq. Əsas məqsəd odur ki, konkret ixtisaslaşmış və peşəkarlaşmış kadrların yetişdirilməsi təmin edilsin. Düzdü, bu müəyyən qədər zaman tələb edən məsələdir, çünki kollecdə kursantların təhsil müddəti 2 ili əhatə edəcək. Ancaq yaxın 4-5 ildə bu addımın nəticələrini görəcəyik. Hərbi kollecin məzunlarına gizir rütbəsi veriləcək. Daha sonra hərbi kurslara cəlb edilən hərbi qulluqçular leytenant hərbi rütbəsi ala biləcəklər. Çünki bildiyiniz kimi, kolleclə ali təhsil müəssisəsinin akademik olaraq fərqi var. Hazırda Heydər Əliyev adına hərbi institutun özündə də sırf beynəlxalq standartlara uyğun olaraq, təhsil bağlı ciddi islahatlar aparılır. Bu baxımdan hərbi instutda təhsil müddəti 4 ildən 5 ilə qaldırılıb”.


MANŞET XƏBƏRLƏRİ