Azərbaycanda devalvasiya olacaq? - SON DƏQİQƏ


İqtisadçı Rəşad Həsənov Azərbaycanda yaxın vaxtlarda devalvasiya olacağı barədə proqnozlara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, R.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, devalvasiya Azərbaycan iqtisadiyyatı üçün mütəmadi, davamlı risklər kateqoriyasına daxildir.

Onun sözlərinə görə, xüsusilə, 2025-ci ilin əvvəlindən etibarən qlobal iqtisadi mühitdə baş verənlər, heterodoks siyasətlərə meyillənmə, konservativ ticarət münasibətlərinin güclənməsi istiqamətindəki çağırışlar, eyni zamanda paralel olaraq enerji bazarlarında qiymətlərin ucuzlaşması ilə müşahidə olunur: “Aprel ayında bu proses daha sərt məcraya daxil olub. Neft dövlət büdcəsində nəzərdə tutulandan daha aşağı qiymətə satılmaqdadır. Devalvasiya məsələsi bu prosesin nə qədər davam edəcəyindən asılıdır. Biz qlobal maliyyə qurumlarının, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, enerji sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Enerji Agentliyinin, ABŞ-nin Enerji Administrasiyasının, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK), hətta OISD-nin hesabatlarına baxanda ortaq mövqe mövcud iqtisadi konyuktorda orta uzunmüddətli dövrdə iqtisadi artım tempinin aşağı düşməsini, paralel olaraq neftin qiymətinin ucuzlaşmasını görürük. Neftin qiymətini ucuzlaşdıran faktorlar bir neçə amildən formalaşır. Birincisi, iqtisadi artım tempi aşağı düşəcəksə, o deməkdir ki, qlobal iqtisadiyyatın enerjiyə tələbatı azalacaq. Yaxud gözlənildiyi qədər artmayacaq. Digər tərəfdən, bir sıra ölkələr, o cümlədən Rusiya, İraq, Venesuela, hətta İran kimi ölkələr mümkün qədər neftin ucuzlaşmasından yaranan çatışmazlığı daha çox neft hasil etməklə kompensasiya etməyə çalışacaqlar. Bu isə bazara əlavə təklif deməkdir. Hətta bunlar baş verməmiş də görünən bundan ibarətdir ki, OPEK-in formatı çərçivəsində neft hasilatının artırılması ilə bağlı təşəbbüslər hələ də davam edir. Bütün proqnozlar göstərir ki, növbəti dövrlərdə bazara təklif olunan neft bazarda neftə olan tələbin artımından daha çox sürətlənəcək, genişlənəcək. Bu da qiymətlərin azalması istiqamətində meyilləri artırır. Sadaladığımız bütün beynəlxalq təşkilatlar bu istiqamətdə artıq öz proqnozlarını veriblər. Prosesin nə qədər davam etməsindən, qlobal iqtisadi oyunçuların nə qədər tez erkən rasional məcraya, rasional qərar qəbul etmək və münasibətlərin məcrasına yönəlməsindən asılı olaraq Azərbaycanda devalvasiya çağırışları dərinləşə, yaxud nisbətən səngiyə bilər. Bugünkü şərtlər daxilində hər iki istiqamətdə müəyyən fluktuatif məqamlar olsa belə, hələlik neqativ istiqamətdə təzyiqlər daha çoxdur. Bu şərtlər daxilində hökumətin, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar genişlənən fiskal siyasətini, qeyri-neft sektorunun 2015-2025-ci illərdə, ötən on illikdə potensialını tam üzə çıxara, manatın məzənnəsinin neftdən asılılığını aradan qaldıra bilmədiyimizi nəzərə alsaq, əlbəttə, devalvasiya belə şəraitdə ciddi çağırışdır. Prosesin nə qədər davam edəcəyi, qiymətlərin nə qədər proqnozla müqayisədə aşağı olacağından asılı olaraq devalvasiyanın səviyyəsi, baş vermə müddəti dəqiqləşəcək. İndiki halda hökumət mümkün qədər bu prosesdə daha ehtiyatlı mövqe tutmağa çalışır. Devalvasiyaya getməmək istiqamətində müqavimətini davam etdirir. Bir məsələ də var ki, bizdə faktiki şərtlər tam olaraq bazarda deyil, bazardan kənarda qəbul edilən qərarlar nəticəsində dizayn olunduğu üçün indiki halda devalvasiyanın hansı gündə, nə vaxt dəqiq qərarla tətbiq ediləcəyini deyə bilmirik. Amma belə bir risk artıq əvvəlki dövrlərlə – 2024-cü il və ondan əvvəlki dövrlərlə müqayisədə daha aydın, qabarıq şəkildə, ciddi formada ortaya çıxır”.


MANŞET XƏBƏRLƏRİ