Naxçıvanda atəşkəs niyə pozuldu? - “Təxribatlar davamlı olacaq...” - Hərbi ekspert


Xəbər verdiyimiz kimi, ötən gün saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Havuş, Ordubad rayonunun Nürgün, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri dərhal cavab tədbirləri görüb.

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsiylə bağlı danışıqlar aparıldığı, Nikol Paşinyanın dünən tezliklə sülh müqaviləsinin imzalana biləcəyi barədə açıqlama verdiyi bir vaxtda erməni tərəfi atəşkəsi niyə pozub?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Azad İsazadə atəşkəsin pozulmasının Ermənistandakı daxili qarşıdurmalara hesablandığını bildirib.

Onun fikrincə, bu, Ermənistanda gedən proseslərin nəticəsidir:

"Dünən İrəvanda hay-küylü bir gün oldu. Hətta səhv etmirəmsə, aksiyada qranat da partlayıb. Paşinyana müxalif olan qüvvələr sözsüz ki, vəziyyəti gərginləşdirmək istəyərlər. İkincisi, Paşinyan daxildə vəziyyəti sakitləşdirmək üçün öz əhalisini qorxutmaq istəyə bilər. Bunu dəqiq demək çətindir, amma təşəbbüsün kim tərəfindən olması fərq etmir. Sözsüz ki, Azərbaycan bu təxribata cavab verəcək. Azərbaycan indi vəziyyətin sabit olmasını, təxribatların baş verməməsini vacib sayır. Ermənistanın müharibə aparmaq üçün gücü yoxdur. Amma biz bu təxribatlara maksimum hazır olmalıyıq. Çünki bunlar sülh müqaviləsi bağlanandan sonra da baş verə bilər”.


MANŞET XƏBƏRLƏRİ