Azərbaycanda fəaliyyət göstərən bir sıra özəl taksi şirkətlərinin ucuz qiymətə müştəri aparmaq uğrunda yaratdığı rəqabət sistemi bu sahədə bəzi nüansları arxa plana atır desək, yalan olmaz.
İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda özəl şirkətlərə məxsus taksiləri idarə edən sürücülər barəsində yayılan məlumatlar, habelə bəzi taksi sürücülərinin öz fəaliyyət prinsiplərini tam mənimsəməməsi ortaya bir sıra problemləri çıxarır.
Doğrudur, dövlət tərəfindən bu sahə ilə bağlı aparılan bir sıra preventiv tədbirlər zaman-zaman həyata keçirilsə də, taksi fəaliyyəti sahəsindəki problemlər və boşluqlar hələ də qalmaqdadır. Ona görə ki, “Uber”, “Bolt” “Yangoo”, “Maxim” və digər xarici şirkətlərin Azərbaycan bazarındakı fəaliyyətləri yalnız qiymət siyasəti ilə ölçülür və burada xidmətin keyfiyyətindən çox onun ucuzluğu ön plana çəkilir.
Milli Məclisin deputatı Tahir Rzayev Yenisabah.az-la söhbətində bu sahədəki problemlərdən, onun çıxış yollarından, eləcə də dövlətin taksi fəaliyyəti ilə bağlı həyata keçirdiyi proqramlardan söz açıb.
Millət vəkili xatırladıb ki, dövlət rəhbəri və müvafiq orqanlar insanların rahatlığı üçün bir çox təşəbbüslər irəli sürüb layihələr həyata keçiriblər:
“Sözsüz ki, bu rahatlığın təmin olunmasında nəqliyyatın da müstəsna rolu var. Çünki hər bir vətəndaş ictimai nəqliyyatdan və taksilərdən istifadə edir. Burada əsas məsələ taksi sürücülərinin professional olmasından asılıdır. Mənə görə, hər bir kəs taksi sürücüsü ola bilməz və olmamalıdır da. Çünki bunlar həm də intellektinə görə vacib insanlardır. Yəni insanlarla davranışına, müəyyən dil qabiliyyətinə, eləcə də düşüncə və fikirlərinin yüksək olmasına görə taksi sürücüləri seçilməlidir”.
T. Rzayev problemlərdən də söz açıb:
“Bəzən taksiyə oturursan, sürücü elə şeylər danışır ki, sən o dəqiqə düşüb getmək istəyirsən. Bir də görürsən ki, elə hərəkətlər edirlər ki, adam dilxor olur ki, mən niyə bu maşına oturdum? Ona görə də taksilərdə professional sürücülər olmalıdır. Lakin təəssüflər olsun ki, bu gün kim bir balaca bekardırsa, başlayır hansısa marka ilə əməkdaşlıq edib taksi sürməyə. Bu da ciddi narazılıqları əmələ gətirir. Bunun əmələ gəlməsi isə sözsüz ki, taksi sürücüləri ilə bağlı cəmiyyətdə mənfi rol oynayır”.
Deputat xatırladıb ki, yaxşı taksi sürücüləri də var ki, onlar insanlarla nəvazişlə münasibət göstərir:
“Qanuna edilmiş dəyişikliklər isə nəqliyyat xidmətinin yaxşılaşdırılması üçündür. Bu baxımdan, bu təkliflər verilib. Milli Məclisin son plenar iclaslarında bir neçə dəfə bu məsələlər müzakirə olundu. Hətta müxtəlif fikirlər var ki, bu sahədə yüksək səriştəli olmayan sürücülər yığışdırılsın, eləcə də belə sürücülər haqqında məsuliyyət nəzərdə tutulsun. Bir çox deputat həmkarım isə söyləyib ki, nəqliyyat sistemi yenilənməli, yeni maşınlar gətirilməlidir”.
Onun fikrincə, bütün münasibətləri qaydaya qoyan insandır:
“Doğrudur, maşınlar saz olmalıdır, amma hamı yüksəksəviyyəli maşınları idarə edə bilməz və bu, mümkün deyil. Əgər bu gün hansısa bir vətəndaş münasib və standartlara uyğun nəqliyyat növünü idarə edə bilirsə, ona icazə verilməlidir ki, qoy, çörəyini qazansın. Çünki bu sahədə bu gün minlərlə adamlar işləyirlər və onlar ailələrini bununla dolandırırlar. Onların hamısını birdən xaric etmək mənə görə düzgün deyil. Çünki bu, xeyli sayda işsizlik yarada və insanların narazılığına səbəb ola bilər”.
Müsahibimiz hesab edir ki, taksi sürücüləri arasında maarifləndirmə aparılmalı və onlara öz hüquqları izah edilməlidir:
“Yaxud taksi sürücüsü olmaq istəyənlər varsa, onlar müəyyən kurslara getməlidir və onlara bütün bu amillər izah olunmalıdır. Ancaq birdən-birə bunları ləğv etmək, elə bilirəm ki, düzgün deyil. Çünki rayonlarda da taksi sürən insanlar çoxdur. Bu adamları birdən-birə çörəksiz qoymaq düz olmaz”.
Dövlətin taksi fəaliyyəti bağlı həyata keçirdiyi layihələrə toxunan həmsöhbətimiz onu da əlavə edib ki, dövlət tərəfindən bununla bağlı konsepsiyalar var:
“Yəni qanunlara edilmiş dəyişikliklər mövcuddur və bununla bağlı nəzərdə tutulmuş müəyyən müddəalar var ki, bu sahəyə diqqət göstərilir. Sözsüz ki, hər bir kəs qanuna əməl etməli və qanun çərçivəsində bu tələblər yerinə yetirilməlidir. Çünki qanunu yazan da, ona əməl edən də insandır. Elə etmək lazımdır ki, mizan tərəzisi düz gəlsin. Hər bir insan qanunu yaza bilər. Hətta elə qanunlar yazıla bilər ki, onlar cəmiyyətdə mənfi rəy doğura və insanların mənafeyi baxımından ziddiyyətli ola bilər”.
Milli Məclisin deputatı vurğulayıb ki, elə qanunlar da ola bilər ki, onlar müəyyən dərəcədə tarazlaşdırma xarakteri daşıya bilər və bu, cəmiyyətə ziyan olmaz:
“Ona görə ki, müştərilər də, sürücülər də bizimkilərdir və adi bir əsaslanma ilə onları bu işlərdən kənarlaşdırmaq düzgün olmaz. Qısası, müəyyən mülahizələr və təşəbbüslər arasında elə yol seçilməlidir ki, burada daha yaxşıların yaxşısı taksi fəaliyyəti ilə məşğul olsun və bu, insanlar arasında narazılığa səbəb olmasın”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə söyləyib ki, Azərbaycanda taksi xidməti liberal bir xidmət kimi yaranıb:
“Yəni hər hansı bir xüsusi tənzimləmələr olmadan, sadəcə Azərbaycan Qanunvericiliyinə uyğun olaraq ölkədə qurulub. Sadəcə son vaxtlar taksilərə tələb artandan və bu sahədə kifayət qədər pul kütləsi peyda olandan sonra təəssüf ki, burada bəzi qurumlar – hansı ki, Azərbaycanda və paytaxtda taksi xidmətini tənzimlənməli idilər– bu işə o qədər də ciddi yanaşmadılar. Nəticədə isə belə bir məsələ ortaya çıxdı ki, artıq taksiyə əyləncə məqsədilə gələnlər üzə çıxdı”.
“Biri var ki, vətəndaş peşəkar taksi fəaliyyəti ilə məşğul olur, ailəsinə çörək aparır, qazanc əldə edir, vergi ödəyir, biri də var ki, cavan adam mobil taksi tətbiqinə qoşulur və orada əyləncə adı ilə çalışır. Onu pul qazanmaq və s. maraqlandırmır, məqsədləri başqa olur. Bundan sonra taksi xidmətindəki keyfiyyətlər aşağı endi, vətəndaşların taksidəki təhlükəsizliyi təmin edilmədi, vətəndaşlar bir nöqtədən başqa nöqtəyə təhlükəsiz şəkildə hərəkət edəcəklərinə əmin olmadılar və şikayətlər artdı”, – o, əlavə edib.
“Sonra taksi sürücüləri də burada etiraz etməyə başladılar ki, taksi operatorları onların hüquqlarını pozur, onları istismar edir, sürücülər sutka ərzində 14-15 saat işləməli olurlar və onlara çatmalı olan pulları şirkətlər vaxtı-vaxtında sürücülərə vermir və s. Az qala axırda bu, sosial bir partlayışa gətirib çıxaracaqdı. Elə ona görə də dövlət bu məsələyə birdəfəlik son qoymağa qərara gəldi və burada 2 məqama diqqət yetirildi: keyfiyyət və təhlükəsizlik. Əsas odur ki, vətəndaşlar taksidə keyfiyyətli və təhlükəsiz səfər edə bilsinlər. Yəni problemin kökü burdan başlamışdı. Burada aidiyyəti qurumların da günahı oldu ki, vaxtında bu sektoru düzgün tənzimləyə bilmədilər. Nəticə də həmişə olduğu kimi, dövlət bu sahə üçün konsepsiyalar hazırladı”, – mütəxəssis yekunlaşdırıb.