Son aylarda Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı fonunda Zəngəzur dəhlizi ilə bağlı proseslər yeni impuls qazanıb. Dəhlizin açılması təkcə region ölkələri üçün deyil, eyni zamanda Asiya ilə Avropa arasında alternativ ticarət marşrutlarının formalaşması baxımından da strateji əhəmiyyət daşıyır.
Bu marşrut “Orta Dəhliz”in əsas hissəsi kimi çıxış edir və Transxəzər nəqliyyat yolunun vacib qolu sayılır. Məhz bu səbəbdən beynəlxalq güclərin, xüsusilə də Çin Xalq Respublikasının (ÇXR) kimi iqtisadi nəhəngin prosesə marağı, layihənin gələcəyinin sürətlənməsi ehtimalını daha da artırır.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn bildirib ki, bu məsələdə əsas yük iştirakçı ölkələrdən daha çox, Azərbaycan və Ermənistanın üzərinə düşür:
“Tərəflərin siyasi iradəsi burada həlledici rol oynayacaq. Ancaq bəli, Zəngəzur dəhlizi artıq regional deyil, qlobal layihəyə çevrilib. Əgər bu prosesə Çin də qoşularsa və ABŞ-ın maraqları ilə üst-üstə düşərsə, dəhlizin açılması sürətlənə bilər.
Vaqif Hüseyn
Digər tərəfdən, İran İslam Respublikası və Rusiya Federasiyası bu dəhlizə öz maraqları prizmasından yanaşır. Hər iki ölkə bu layihəni regional və lokal xarakterli bir marşrut kimi təqdim etməyə çalışır. Bunun əsas səbəbi isə Rusiyanın dəhlizə nəzarət etmək istəyidir.
Əgər Rusiya bu dəhlizə nəzarət imkanını tam itirərsə, bu, tədricən onun prosesdən kənarda qalması anlamına gələcək. Kreml də bunu çox yaxşı anlayır və buna görə layihənin tam sərbəst və müstəqil şəkildə həyata keçməsinə ehtiyatla yanaşır”.