Trampın Hindistan səfərinin vaxtı məlum olub. Belə ki, ABŞ dövlət katibi Marko Rubionun verdiyi açıqlamaya görə, Prezident Donald Tramp gələn ilin əvvəlində Hindistana səfər edəcək.
Vaşinqtonun Hindistanla bağlı əsas hədəfləri nədən ibarətdir? Trampın səfərinin gözləniləndən gec baş tutmasının arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq Hindistana planlaşdırılan bu səfəri Vaşinqton–Yeni Dehli münasibətlərinin gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirib:
"Trampın səfəri daha erkən tarixdə gönlənilirdi. Rubio onu da deyib ki, Trampdan əvvəl o Hindistana səfər edərək Prezidentin Yeni Dehlidə müzakirə edəcək mövzuları müəyyənləşdirməlidir. İki ölkə arasında ticarət sazişinin imzalanması yubanıb. Rubio bu mövzuya da toxunaraq saziş üzərində çalışmaların davam etdiyini bildirib. Rubio danışıqlarda irəliləyişin əldə edildiyini vurğulayıb. Ticarət sazişinin imzalanmasının gecikməsinə baxmayaraq, dövlət katibi ölkəsinin Hindistanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini söyləyib.
Hindistanın baş naziri Narendra Modi bir neçə gün əvvəl Fransada “böyük yeddilərin” toplantısı çərçivəsində Donald Trampla görüşmüşdü. Ağ Ev sahibi həmin görüşdən məmnun qaldığını söyləmişdi. Yeni Dehli ABŞ-la ticarət sazişinin imzalanmasında maraqlıdır. Çünki saziş imzalanmadıqca iki ölkə arasında münasibətlərdə inamsızlıq mühiti davam edəcək. Yeni Dehli Trampın Hindistan məhsullarına yüksək gömrük rüsumlarını tətbiq edəcəyindən və Pakistanla tərəfdaşlığı gücləndirməsindən narahatdır. Əslində dövlət katibi Marko Rubio bir neçə ay əvvəl Hindistana səfər edərək, münasibətlərdəki gərginliyi azaltmağa çalışımışdı. Ancaq ABŞ Hərbi Dəniz Qüvvələrinin Körfəzdə açdığı atəş nəticəsində üç hindli dənizçisinin həlak olması münasibətləri yenidən gərginləşdirmişdi. Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmisinə edilən hücumla bağlı ABŞ-nin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq rəsmi etirazını bildirmişdi".
Elxan Şahinoğlunun fikrincə, Yeni Dehli Vaşinqtonun siyasətindən narazı qaldığı kimi, Vaşinqton da Hindistanla Rusiya arasında enerji əməkdaşlığından narahatdır:
"Bunun səbəbi Yaxın Şərqdə gərginləşən vəziyyətdir. Hindistan Körfəz ölkələrindən ala bilmədiyi nefti Rusiyadan alır və bu həcm getdikcə artır. Hindistan iyun ayında Rusiyadan gündəlik 2.55 milyon barel neft alıb. Bu Hindistanın may ayında Rusiyadan aldığı neftin həcmindən çoxdur. Rusiyanın Hindistanın ümumi neft idxalında payı tədricən 50 faizə yaxınlaşıb. Yaxın Şərqdəki gərginlikdən əvvəl əvvəl bu rəqəm orta hesabla cəmi 23 faiz təşkil edirdi. “Röyters” agentliyinin məlumatına görə, Rusiyanın Hindistana kömür ixracı da artıb. Hindistan polad istehsalı üçün metallurgiya kömürünə xüsusi maraq göstərir. Bu, Hindistanın 2035-ci ilə qədər polad istehsalını ildə 168 milyon tondan 400 milyon tona qədər artırmaq planları ilə əlaqədardır.
Vaşinqton İran müharibəsindən əvvəl Hindistanın Rusiyadan neft alışını azatmasını istəmişdi. Ancaq müharibə zamanı enerji qıtlığı səbəbindən Vaşinqton Hindistanın Rusiyadan neft alışına etiraz etmədi. Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ölkəsinin Rusiyadan neft alışını davam etdirəcəyini bildirib. Hindistanın Rusiyadan neft alışını azaltması üçün Yaxın Şərqdə vəziyyət sabitləşməli, gəmilərin Hörmüz boğazına rahat girişi və çıxışı təmin edilməlidir. Bu baş verməyənə qədər Hindistan Rusiyadan enerji daşıyıcıları almaqda davam edəcək. Vaşinqton bu gedişatdan narahat olsa da, reallığı qəbul edib ki, Prezident Donald Tranmpın Yeni Dehliyə səfərinə hazırlıq işləri gedir".