İranın vurduğu və vurmadığı QONŞULAR


28 fevralda İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilən zərbələr Yaxın Şərqdə yeni müharibənin başlanmasına səbəb olub. Bu gün artıq qarşıdurmanın 6-cı günüdür.

Son günlər ərzində İran həm hərbi texnika, həm də canlı qüvvə baxımından ciddi itkilər verib. ABŞ və İsrailin birgə əməliyyatlarının başlanmasından bəri ölkədə ən azı 1114 nəfərin həlak olduğu bildirilir.

Müharibə təkcə İran və İsraillə məhdudlaşmayıb. Tehran ABŞ hərbi bazalarını hədəfə almaq adı ilə regionun müxtəlif ölkələrinə raket və dron zərbələri endirib.

Turkustan.az modern.az-a istinadla28 fevraldan sonra ötən müddətdə İranın zərbə endirdiyi qonşuların adlarını təqdim edir.

Azərbaycan

5 mart 2026-cı il tarixində İran Naxçıvan Muxtar Respublikasına dron zərbəsi endirib. Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, dron hücumları nəticəsində 4 nəfər yaralanıb, onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.

Hadisədən sonra hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Azərbaycanın İranla birbaşa quru sərhədləri mövcuddur.

Türkiyə

İranla quru sərhədləri olan digər bir ölkə - Türkiyə də bu ölkənin hücumuna məruz qalıb. Türkiyə Milli Müdafiə Nazirliyi İrandan ölkənin hava məkanına doğru hərəkət edən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

İraq

İran Qərbində yerləşən İraq ərazisində də hücumlar həyata keçirib.

Raket və dron zərbələrinin əsas hədəflərindən biri Ərbil beynəlxalq aeroportu olub. Burada ABŞ hərbi qüvvələrinin yerləşdiyi obyektlər hədəfə alınıb.

Qətər

Qətər də İranın zərbələrinə məruz qalan qonşu ölkələrdən biridir. Burada İran ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Əl Udeyd Hərbi Hava Bazasını, Ras Laffan sənaye zonasını və Mesayid enerji infrastrukturunu vurub.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərində Əl-Dafra Hərbi Hava Bazası, Əbu-Dabi və Dubay ətrafı bəzi hədəflər, Jəbəl Əli limanı və digər obyektlər İran dronlarının və raketlərinin hədəfinə çevrilib.

Küveyt

İran Küveytdə də bir sıra hava hücumları həyata keçirib. Burada Əli Əl Salim Hərbi Hava Bazasını, Küveyt Beynəlxalq Aeroportunu, Məhəmməd Əl-Əhməd hərbi-dəniz bazasını vurub.

Bəhreyn

Bəhreyn də 28 fevraldan sonra İran hücumlarının hədəfinə çevrilib. İranın raket zərbələri zamanı ABŞ-nin 5-ci Donanmasının qərargahının yerləşdiyi Manama şəhərində bəzi obyektlər zərər görüb.

Səudiyyə Ərəbistanı

İranın Səudiyyə Ərəbistanını da müxtəlif vaxtlarda hədəfə çevirib. Riyad ətrafı hərbi obyektlər, Sultan Hərbi hava bazası, Kral Xalid Beynəlxalq Aerportu İran tərəfindən vurulub.

Vurulmayan ölkələr

Qeyd edək ki, İranla sərhəddə yerləşməsinə baxmayaraq vurulmayan ölkələr də var. Bu ölkələrin siyahısına Ermənistan, Pakistan, Əfqanıstan, Türkmənistan daxildir.


MANŞET XƏBƏRLƏRİ