Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış Kəlbəcər qəsəbəsinin bir qrup sakini saytımıza müraciət edərək bildiriblər ki, köhnə istilik borclarının silinməsi ilə bağlı qərar verilməsinə baxmayaraq, “Azəristilik” ASC-nin Gəncə filialı tərəfindən onlara əvvəlki illərə aid borcların ödənilməsi ilə bağlı qəbzlər təqdim olunur.
Sakinlərin sözlərinə görə, onlara yenidən köhnə borclar üzrə ödəniş tələbi göndərilir. Müraciətdə konkret olaraq hansı tarixə qədər olan borcların silindiyi, bu qərarın 2023-cü ilə qədər olan borclara, yoxsa 2025-ci ilin sonunadək olan dövrü əhatə etdiyi məsələsinə aydınlıq gətirilməsi xahiş olunur.
Turkustan.az olaraq məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elvin Basqallı saytımıza açıqlamasında bildirib ki, sakinlər tərəfindən səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Belə bir qərar ümumiyyətlə olmayıb. İstilik borclarının silinməsi ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib”, – deyə, qurum rəsmisi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az