ABŞ-ın Venesuelanın paytaxtı Karakasda keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşının saxlanılması ciddi rezonans doğursa da, prinsipcə belə bir hadisənin gec-tez baş verəcəyi gözlənilirdi. Doğrudur, birmənalı olaraq heç kəs deyə bilməzdi ki, Maduro hakimiyyəti belə itirəcək, lakin Vaşintonun onun “qələmini qırdığı” bəlli idi.
Məsələn, fikrimcə, ilk ən ciddi mesaj 2025-ci ildə Nobel Sülh Mükafatına Venesueladan olan müxalif siyasətçisi Mariya Korina Maçadonun layiq görülməsi idi. Xatırladım ki, mükafat Maçadoya Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə təqdim edilmişdi. Və yenə hər kəsə məlumdur ki, keçən ilin ən güclü namizədlərindən biri, məhz ABŞ Prezidenti Donald Tramp idi. Elə həmin il Nobel Sülh Mükafatının Trampa yox, məhz venesuelalı bir siyasətçiyə verilməsi diqqət çəkirdi.
İkinci ciddi mesaj isə ABŞ-ın Venesuela yaxınlığında narkotik kartellərinə qarşı apardığı əməliyyatlar idi. Belə ki, 2025-ci ilin sonlarına yaxın Prezident Donald Tramp administrasiyası Latın Amerikası istiqamətində “Cənub Nərəsi” (Operation Southern Spear) adlı əməliyyatları başlatdı. Kampaniyanın məqsədi ABŞ-a narkotik axınının qarşısını almaq, transregional narkotik və kriminal şəbəkələri zəiflətmək göstərilsə də, pərdə arxasında Maduroya qarşı planın olması sezilirdi.
Üçüncü ciddi mesaj isə Trampla Maduro arasında ardıcıl telefon danışıqları və təmasların olması idi. Hətta iddialara görə Tramp administrasiyası 23 dekabrda Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyəti tərk edərək Türkiyəyə getməyi təklif edib. Lakin Maduro təklifi rədd edib. Məhz bundan sonra hərbi əməliyyatın düyməsinə basılıb.
Venesuela liderinin mövqeyi
Maduronun sıradan çıxarılması təəccüblü olmasa da, onun ABŞ nəzdində “qələminin qırılması” və bu qədər asanlıqla ələ keçirilməsi təbii olaraq suallar yaradır. Hesab edirəm ki, Nikolas Maduro İraqın sabiq prezidenti Səddam Hüseyn, Liviyanın keçmiş dövlət başçısı Muəmmər Qəzzafi kimi bir çox antiamerikan liderin etdiyi səhvi təkrarladı. Ümumiyyətlə, Maduro 2013-cü ildən etibarən Venesuelanı geosiyasi oyunçuların diqqətini cəlb edən bir aktor kimi formalaşdırmağa çalışırdı. Xüsusilə ABŞ ilə münasibətlərdə radikal addımlar, İran və Rusiya ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, Çini Latın Amerikası iqtisadiyyatı və enerji layihələrinə cəlb etmək cəhdləri, həmçinin Venesuelanı ABŞ-ın enerji və təhlükəsizlik maraqları üçün strateji əhəmiyyətli bölgədə alternativ geosiyasi mərkəz kimi çıxış etdirmək istiqamətində addımlar Vaşinqtonda ciddi narahatlıq yaradırdı. Bunun ən böyük səbəbi Maduronun bu addımlarla Monro Doktrinasının əleyhinə hərəkət etməsi idi.
Qeyd edim ki, Monro Doktrinası 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro tərəfindən irəli sürülmüş və əsas olaraq Amerika qitəsində Avropa dövlətlərinin hərbi müdaxilələrini məhdudlaşdırmaq məqsədini daşıyırdı. Doktrinanın əsas prinsipləri ABŞ-ın Avropa kolonializminə qarşı Latın Amerikası ölkələrinin müstəqilliyini qorumağa çalışması, digər tərəfdən isə qitədə ABŞ-ın nüfuzunu və regional liderliyini möhkəmləndirilməsini nəzərdə tuturdu. Doktrina tarix boyu Vaşinqtonun Latın Amerikası siyasətinin ideoloji və hüquqi bazası rolunu oynayıb. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində ABŞ Latın Amerikası ölkələrinə hərbi müdaxilə və siyasi təzyiq üçün Monro Doktrinasını legitim vasitə kimi təqdim edib. Məsələn, 1904-cü ildə Prezident Teodor Ruzvelt doktrinanı “Ruzvelt Doktrinası” ilə genişləndirərək ABŞ-ın qitədə “polis” rolu oynayacağını açıqlamışdı. Strateji baxımdan, Monro Doktrinası ABŞ-a regional təhlükəsizlik və geosiyasi üstünlük təmin edib. O, yalnız müdafiə doktrinası kimi nəzərdə tutulmayıb, həm də Ağ Evin Latın Amerikası ölkələrinin daxili siyasətinə təsir imkanlarını artırıb.
Hesablanmamış taktika
Maduro atdığı son adımları ilə bu doktrinanı təhlükəyə salırdı. Məsələn, o, Venesuela dövlət neft şirkəti PDVSA vasitəsilə neft ixracını ABŞ və müttəfiqlərinin maraqlarına qarşı bir vasitə kimi istifadə edərək, enerji siyasətini geosiyasi alətə çevirirdi. Hətta bir çıxışında qeyd etmişdi ki, ABŞ Venesuelanın neftini, qazını, qızılını və digər təbii sərvətlərini pulsuz əldə etmək istəyir. Bundan əlavə, Maduro hökuməti Latın Amerikası ölkələri ilə birlikdə ABŞ-ın təsir dairəsinə meydan oxuyan bloklar formalaşdırmağa cəhd edirdi. Misal üçün, son zamanlar o, daha çox Latın Amerikasında ən böyük inkişaf layihəsi, böyük xilaskar Simon Bolivarın ideyası üzərində işlər görürdü. Qeyd edim ki, məhz Boivar öz dövründə “azad və birləşmiş Latın Amerikası” görmək istəyirdi və bunun uğrunda mübarizə aparırdı. Maduronun hətta daha da irəli gedərək ABŞ-dan asılı olmayan silah alışına başlayıb, birgə hərbi təlimlər keçirdiyi qeyd edilir.
Venesuela prezidentinin ölkə daxilindən ciddi dəstək olmadan qısa müddətdə ələ keçirilməsi mümkün deyildi. Yəni, Maduro faktiki olaraq arxadan zərbə alıb. Onun hakimiyyəti dönəmində ölkədə yüksək səviyyəli korrupsiya, rüşvət və siyasi repressiyalar sistem halına gəlmişdi. Müxaliflərə, keçmiş tərəfdaşlara və potensial rəqiblərə qarşı sərt addımlar, həbs və fiziki məhv halları yalnız xalq arasında deyil, həm də siyasi elita daxilində narazılıq yaratmışdı. Bu baxımdan, əməliyyatın texniki və hərbi tərəfi ilə yanaşı, daxili siyasi mühitin zəifliyi də prosesin sürətli həyata keçirilməsinə imkan verdi.

Turan Rzayev
Globalinfo.az