Ramiz Mehdiyevin həbs olunan köməkçisi Eldar Əmirov KİMDİR?


Xəbər verdiyimiz kimi, AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eldar Əmirov kimdir?

Turkustan.az xəbər verir ki, o, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri işlədiyi dövrdə onun “sağ əli” olub.

2013-cü ildən etibarən Ramiz Mehdiyevin “müəllifi olduğu” kitab və məqalələrin əksəriyyətini məhz Eldar Əmirov yazıb. Belə ki, Ramiz Mehdiyevin 2015-ci ildə çap olunan "Tarixi idrakın elmiliyi problemlərinə dair” və "Dünya nizamından nizamsızlığa doğru” əsərlərinin müəllifinin də əslində Eldar Əmirov olduğu bildirilir.

2019-cu ildə Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməyə başladıqdan sonra Eldar Əmirova da Akademiyada vəzifə verilib. O, yeni yaradılan AMEA Prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyin olunub. Həmin dövrdə AMEA-nı “defakto” Eldar Əmirov idarə edib.

Eldar Əmirov 2022-ci ilin fevralında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib. Onun barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs qərarı verilib.

2022-ci ilin aprelində isə o, AMEA Prezidentinin Katibliyinin rəisi vəzifəsindən azad edilib.

Əslən Ağdam rayonundan olan Eldar Əmirovun 40 yaşı var. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. /Bizim.Media


MANŞET XƏBƏRLƏRİ