Bu bir ilkdir.
QHT.az xəbər verir ki, Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin rəhbəri, həmçinin layihə rəhbəri Səadət Bayramova bildirib ki, Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi (KIFYIB) tərəfindən həyata keçirilən “Sən də Gəl, Sən də” layihəsi çərçivəsində nadir xəstəliklərdən olan "Kistoz fibroza Dair" ilk elmi-tibbi kitab hazırlanıb:
"Sözügedən nəşr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir. Bu kitabın təqdimat mərasimi ölkəmizin qədim elm, mədəniyyət və təhsil mərkəzlərindən biri olan Gəncə şəhərində təşkil olunacaqdır. Konfransın Gəncədə təşkili təsadüfi deyil. İctimai Birlik olaraq əsas məqsədimiz yalnız paytaxt mərkəzli fəaliyyətlə kifayətlənməmək, həm də bölgələrimizdə yaşayan həkimlərə, mütəxəssislərə və ailələrə yaxın olmaqdır. Bu elmi-tibbi marifləndirici kitab həkimlərin masaüstü vəsaiti kimi onların gündəlik praktik fəaliyyətinə dəstək olacaq, xəstələrin düzgün diaqnostika və müalicə prosesinə müsbət təsir göstərəcəkdir".
Səadət Bayramova həmçinin bildirib ki, konfransın keçirilməsi ilə regionlarda fəaliyyət göstərən həkim mütəxəssislərin maariflənməsinə töhfə verməyi, həmçinin Kistoz fibroza dair məlumatlılığın artırılmasını hədəfləyirlər:
"Bu tədbir təkcə bir təqdimat deyil, həm də cəmiyyətimizdə sağlam gələcəyin qurulması yolunda atılan vacib addımlardan biridir. Hörmətli Gəncədə fəaliyyət göstərən həkimlərə bildirim ki, sizi "Kistik Fibroz Xəstələrinə Yardım "İctimai Birliyinin həyata keçirdiyi “Sən də Gəl, Sən də Tanı ” layihəsi çərçivəsində hazırlanmış elmi-tibbi kitabın təqdimat mərasiminə dəvət edirik. Sizin iştirakınız bizim üçün böyük şərəf olacaqdır".